Hava şəraitinin əlverişsiz keçməsi və davamlı yağışların yağması kənd təsərrüfatına xeyli ziyan vurur. Bəs, bu hansı məhsulların bahalaşmasına səbəb olacaq?
Mövzu ilə bağlı Manset.az-a danışan aqrar sahə üzrə ekspert Akif Nəsirli bildirib ki, hal-hazırda həm meyvə, həm də tərəvəz bitkiləri inkişaf mərhələsindədir və hələ məhsul verməyiblər:
"Bəzi mənbələrdə qeyd olunur ki, məhsul qiymətlərinin artması əlverişsiz hava şəraiti ilə bağlıdır. Lakin bu, tam olaraq belə deyil. Bahalaşmanın əsas səbəbi başqa amillərlə əlaqədardır. Mövcud qeyri-sabit və əlverişsiz hava şəraitinin təsiri bizə əsasən yay aylarında hiss olunacaq. Yay mövsümündə meyvələrin bahalaşması ehtimalı yüksəkdir. Bunun səbəbi davamlı yağıntılar və soyuq hava nəticəsində ağacların məhsuldarlığının azalmasıdır. Əgər ağacların çiçəklənmə dövrü intensiv yağışlara təsadüf edərsə, həmin meyvələrin məhsulu az olacaq".
Ekspert qeyd edib ki, bostan və tərəvəz bitkilərinin isə bir qədər gec çıxması gözlənilir:
"Soyuq hava bitkilərin inkişafını zəiflədir. Məhz bu səbəbdən hazırda xiyar və pomidorun qiymətinin ucuzlaşmamasının əsas səbəbi də havaların sərin keçməsidir. Lakin bu təsir dolayısı ilə baş verir. Bildiyiniz kimi, hazırda bazarda satılan xiyar və pomidor istixana məhsullarıdır. Adətən bu dövrdə fermerlər istixanaların üzərini örtən salafan örtükləri açır, 22–23 dərəcə istilikdə tərəvəzlər təbii şəkildə inkişaf edirdi. Beləliklə, əlavə istilik xərcləri azalır və bu da qiymətlərə müsbət təsir edirdi.
Hazırkı hava şəraitində isə fermerlər istixanalara əlavə istilik verməyə məcburdur. Bu da məhsulun maya dəyərini artırır və nəticə etibarilə qiymətlərin tam şəkildə ucuzlaşmasının qarşısını alır. İstilik xərcləri nə qədər az olarsa, bazarda qiymətlərin də o qədər ucuzlaşması müşahidə olunur".
Seyranə Quliyeva