"Rusiya-Ukrayna danışıqlarının baş tutacağı real görünmür"

15:00 - 13 May 2025

\"Rusiya-Ukrayna danışıqlarının baş tutacağı real görünmür\"

"Bir neçə gün əvvəl ABŞ Prezidenti Donald Trampın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığından sonra məlum oldu ki, Ukrayna məsələsində həqiqətən də Türkiyəyə, məhz Ərdoğana ciddi ehtiyac duyulur. Burada sadəcə dövlət kimi deyil, siyasi fiqur olaraq da Ərdoğan kimi şəxsi keyfiyyətlərə malik bir siyasətçiyə zərurət yaranıb. Çünki Ukrayna məsələsi son dərəcə kompleks bir məsələdir. Birincisi ona görə ki, tərəflər maddi və mənəvi olaraq yorulublar. İkincisi, bu məsələ həllini elə tapmalıdır ki, heç bir tərəfin imicinə zərbə gəlməsin. Burada isə söhbət sadəcə Rusiya və Ukraynadan getmir. Üçüncüsü və yaranan zərurət baxımından ən önəmlisi, beynəlxalq münasibətlərdə istənilən məsələyə, istənilən regiona baxılan zamanı Ukrayna məsələsi bir düyün kimi ortada qalıb, bu düyün çözülmədən irəliyə doğru addımlar atıla bilmir". 


Bu sözləri Manset.az-a açıqlamasında deputat Azər Badamov deyib. 

O bildirib ki, Rusiya Lideri Vladimir Putinə qarşı yanaşmada Ukraynanın əsas müttəfiqlərinin bir, Trampın isə başqa yanaşmada olduğunu görürük:

"Avropanın Rusiyaya yanaşması ultimatum xarakterlidirsə ki Vladimir Putin qeyd-şərtsiz atəşkəsə razılaşana qədər başqa danışıqlar olmayacaq və bunun əksi “kütləvi” yeni sanksiyalarla müşaiyət olunacaq, Tramp Putinə qarşı bu təzyiq cəhdlərini sarsıtdı və Ukraynanın Rusiya rəsmiləri ilə görüşə dərhal razı olması üzərində dayandı. Ukrayna, onun müttəfiqləri uzun zamandır Trampı Putinin pis niyyətlə hərəkət etdiyinə inandırmağa çalışırlar. Onlar hətta Rusiyanın atəşkəslə razılaşmasının sülhə nail olmaqda ciddi olub-olmadığını yoxlamaq kimi çıxış edə biləcəyini bildiriblər. Tramp mümkün qədər köpü yatırtmağa çalışır.

Trampla onun administrasiyasına daxil olan Ukrayna üzrə xüsusi nümayəndə Keyt Kelloq arasında da fərqli yanaşmanın şahidiyik. Belə ki, Kelloq avropalıların iddialarını təkrarlayaraq atəşkəsin danışıqlardan əvvəl olmasının vacibliyini bildirir".

Deputat qeyd edib ki, Tramp üçün əsas məsələ Ukraynanı ilkin şərt olmadan sülh danışıqlarında iştirak etməyə gətirməkdir:

"Almaniyanın yeni kansleri Merz, Polşanın baş naziri Donald Tusk danışıqlardan əvvəl atəşkəs istəyirlər. Hətta Fransa prezidenti Emmanuel Makron Putinin əks təklifinin “kafi”olmadığını bildirir.

Yaşanan bir ilk də var. Putinin Türkiyədə Ukrayna ilə birbaşa danışıqların aparılmasını təklif edir ki bu da  2022-ci ilin ilk həftələrindən bəri görünməmiş bir şeydir. Putin bildirir ki, 2022-ci ildə danışıqları dayandıran Rusiya deyil, Kiyev olub". 

Görünür, fikir ayrılıqları, qarşılıqlı atışmalar, çəkişmələr və şəxslər arasında ədavət gedəcək. Birdən-birə bunun əksinin olması onsuz da real deyil. Əsas olan insan tələfatının qarşısını almaqdır. Çünki bundan sonra mövcud məsələ hər iki tərəfə faciə yaşadacaqsa, digər böyük siyasət tələb edən məsələlərdə də narahatlıq və maneə yaradacaq.

Mayın 15-də Zelenski birbaşa Putinlə görüşü təklif edir və danışıqları onunla aparmaq istədiyini bildirir. Bunun isə baş tutacağı real görünmür. Çünki Prezidentlərin görüşünə qədər müxtəlif səviyyələrdə görüşlər aparılmalıdır və bu görüşə hazırlıq olmalıdır.  Bu isə Rusiya-Ukrayna münaqişəsinin hələ uzun müdddət gündəmdə olacağını deməyə əsas verir".


Quliyeva Seyranə


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv