Son həftələrdə koronavirus infeksiyası sürətlə yayılmağa davam edir. Sinqapurda və Honkonqda son 1 həftədə 25 min yeni yoluxma halı qeydə alınıb. Bəs, bunun səbəbi nədir? Koronavirus yenidən yayılır?
Mövzu ilə bağlı Manset.az-a danışan tibb üzrə elmlər doktoru Adil Qeybulla bildirib ki, koronavirus pandemiyasının ilk dövrlərində Dünya Səhiyyə Təşkilatı bir çağırış edib.
"ÜST tərəfindən bildirilib ki, vaksin və ümumilikdə pandemiya əleyhinə təbliğatın qarşısını almaq üçün bütün hüquqi və inzibati resurslar səfərbər olunmalıdır.
Lakin təəssüf ki, biz bu istiqamətdə yetərincə tədbir görə bilmədik. Çünki müxtəlif radikal dini qruplar, xüsusi xidmət orqanlarına bağlı şəxslər və sosial şəbəkələrdə fəaliyyət göstərən bəzi qruplar dezinformasiyalar yayaraq cəmiyyətdə çaşqınlıq yaratdılar.
Bu qruplar iddia edirdilər ki, guya virus süni şəkildə yayılıb, vaksin isə insanları məhv etmək məqsədi daşıyır. Belə əsassız və cahil fikirlərlə xeyli insanı öz təsirlərinə salmağı bacardılar.
Nəticədə nə baş verdi? Doğrudur, vaksinasiya pandemiya zəncirini qırmağa müəyyən qədər nail oldu. Ancaq pandemiya tamamilə aradan qalxmadı".
A.Qeybulla qeyd edib ki, bunun əsas səbəbi virusun davam edən mutasiya prosesləri və insanların məsuliyyətsiz yanaşmasıdır:
"Artıq bu vəziyyət "sürünən infeksiya" halını alıb. Ona görə hesab edirəm ki, bu cür halların qarşısını almaq üçün qlobal səviyyədə koordinasiya mərkəzləri yaradılmalıdır. Çünki hər dəfə belə bir yayılma baş verəndə insanlar narahat olur.
Biz də Azərbaycanda bu virusdan ciddi şəkildə əziyyət çəkdik, çoxsaylı insan itkisi ilə üzləşdik. Bu səbəbdən, karantin qaydalarını pozan şəxslər qətiyyətlə cəzalandırılmalıdır. Çünki bir nəfərin cahil və məsuliyyətsiz davranışı nəticəsində minlərlə insan zərər görə bilər.
Pandemiyanın bu gün də davam etməsinin səbəblərindən biri də saxta vaksin sertifikatlarının əldə olunması və vaksinasiya prosesindən yayınmaqdır. Bu isə yanlış və zərərli təbliğatın birbaşa nəticəsidir".
Seyranə Quliyeva