Bakıda avtobusları qadınlar sürəcək - Cəmiyyət bu yeniliyə hazırdır?

13:50 - 23 May 2025

Bakıda avtobusları qadınlar sürəcək - Cəmiyyət bu yeniliyə hazırdır?

Son günlərdə “BakuBus” MMC tərəfindən qadınların sürücü kimi işə cəlb olunması ilə bağlı yayımlanan elan ictimaiyyətin diqqətini cəlb edib. Bu təşəbbüs bir çoxları tərəfindən müsbət qarşılanmasına baxmayaraq, cəmiyyətdə birmənalı fikir formalaşdırmayıb. Bəzi insanlar bu addımı gender bərabərliyinin təşviqi kimi qiymətləndirir, digərləri isə hələ də bu sahədə qadınların iştirakına skeptik yanaşırlar. Müzakirələr göstərir ki, belə təşəbbüslər həm sosial, həm də mədəni baxımdan fərqli reaksiyalara səbəb olur. 


Mövzu ilə bağlı Manset.az-a danışan deputat Fazil Mustafa bildirib ki, qadınlar kişilərdən heç nə ilə əskik deyillər. 

"Onların da hüquqları var və onlar da peşəkardırlar. Məncə, ciddi yoxlamalardan sonra daha peşəkar şəxslər bu prosesə cəlb olunacaqlar. Qadın sürücülər də kişilər qədər bu işi layiqincə yerinə yetirə bilərlər. Bu baxımdan hər hansı bir narahatlığa əsas yoxdur. Əgər belə bir addım atılıbsa, bu təşəbbüsü mütləq şəkildə dəstəkləmək lazımdır. Bu, həm də qadınlar üçün yeni iş yerlərinin açılması deməkdir.

Deputat qeyd edib ki, qadınların belə bir peşədə fəaliyyət göstərməsi sevindiricidir:

"Əsas meyar peşəkarlıqdır. Cinsiyyət fərqi olmamalıdır. Əgər sən peşəkarsansa və bu funksiyanı layiqincə yerinə yetirirsənsə, aidiyyəti qurumlar bunu qiymətləndirib tətbiq edəcəklər".

Məsələyə münasibət bildirən nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov isə bildirib ki, qadınların avtobus sürücüsü kimi işə cəlb olunması çox yaxşı bir sosial layihədir.

"Bu sahədə də qadınlar kişilərlə bərabər hüquqlu şəkildə öz bacarıqlarını göstərə bilərlər. Bu, avtobus sürücülüyü sahəsini daha cəlbedici edə bilər.

Avtobuslarda baş verə biləcək insidentlərlə bağlı sürücülərə xüsusi təlimatlar verilir və onlar bu təlimatlara əsasən hərəkət edirlər. Hər bir sürücünün daimi dispetçer əlaqəsi mövcuddur. Avtobusda hər hansı nasazlıq yarandıqda, qərarı sürücü vermir — ya avtobus parka yönləndirilir, ya da hadisə yerinə xüsusi texniki qrup göndərilir.

Sürücü avtobusun təmiri ilə məşğul olmur. Buna görə də qadın sürücülər üçün hər hansı ciddi problemin yaranacağını düşünmürəm".


Seyranə Quliyeva


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv