"1918-ci il 28 may tarixində Azərbaycan Xalq Cümhuriyyəti elan olundu. Bu, Şərqdə ilk parlament tipli respublika idi və bütün türk və islam dünyası üçün qürur mənbəyinə çevrildi. Təəssüf ki, bu müstəqillik cəmi 23 ay davam etdi - gənc respublika rus ordusu tərəfindən işğal olundu. Lakin bu ideya yaşamağa davam etdi.
1991-ci ildə biz yenidən müstəqilliyimizi bərpa etdik. Müstəqil dövlət kimi formalaşma dövründə torpaqlarımızın 20 faizini itirsək də, 2020-ci ildə cəmi 44 gün davam edən Vətən müharibəsi zamanı bu torpaqları azad etdik və Azərbaycanın ərazi bütövlüyünü təmin etdik".
Bu sözləri Manset.az-a açıqlamasında siyasi şərhçi Əliabbas Məhərrəmov deyib.
O bildirib ki, bu gün, 2025-ci ildə, Azərbaycan müstəqilliyinin 107-ci ildönümünü qeyd edir:
"Bu tarix həm də simvolik və strateji bir hadisə ilə yadda qalır: məhz bu əlamətdar gündə Laçın Beynəlxalq Hava Limanının açılışı baş tutur. İşğaldan azad olunmuş Qarabağ torpaqlarında inşa edilən bu hava limanı Azərbaycanın dünyaya verdiyi sülh, təhlükəsizlik və inkişaf mesajının bir təcəssümüdür.
Laçın hava limanı yalnız nəqliyyat infrastrukturu deyil — bu, Azərbaycanın ərazi bütövlüyü üzərində suveren iradəsinin bir rəmzidir. Eyni zamanda bölgədə yeni iqtisadi, ticarət və turizm əlaqələrinin başlanğıcıdır. Bu mühüm layihənin açılışı zamanı Azərbaycanın yanında iki güclü müttəfiq də yer alır: NATO üzvü olan Türkiyə və nüvə silahına malik Pakistan".
Ə.Məhərrəmov qeyd edib ki, bu üç ölkənin ortaq tarixi, dini, mədəniyyəti və strateji maraqları mövcuddur:
"Məhz bu prinsiplər üzərində formalaşan bu qardaşlıq, Cənubi Qafqazın sabitliyi və güc balansının əsas dayaqlarından birinə çevrilir.
Bu gün Laçından havaya qalxan təyyarələr yalnız səmaya yox, həm də Azərbaycanın parlaq gələcəyinə doğru yüksəlir. Biz bu gün tariximizin ən mühüm səhifələrindən birini yazırıq — suverenliyimizin, azad olunmuş torpaqlarımızın və güclü müttəfiqlərimizin sayəsində.
Bu məqamda bir cümlə demək kifayətdir: Yaşasın müstəqil Azərbaycan! Yaşasın 107 yaşlı Azərbaycan! Və yaşasın ona qardaşlıq edən sadiq müttəfiqlər!".