Ölkənin bir çox şəhərlərində sahibsiz itlərin sayının artması əhali arasında narahatlıq doğurmağa başlayıb. Küçə heyvanlarının nəzarətsiz şəkildə dolaşması bəzi hallarda insanların təhlükəsizliyinə və əmlakına ziyan vurur. Sakinlərin sözlərinə görə, bu problem təkcə təmizliklə bağlı deyil, həm də insanların təhlükəsizliyi baxımından narahatlıq yaradır. Artıq uşaqlar məktəbə tək gedə bilmir, qadınlar isə işdən qayıdarkən mütləq kimsə tərəfindən qarşılanmalıdır. Küçə itləri qorxu yaradır.
Manset.az-ın məlumatına görə, belə hallardan biri Xırdalanda qeydə alınıb. Şəhər sakini bildirib ki, sahibsiz itlər onun avtomobilinə zərər yetirib.
Mövzu ilə bağlı fikirlərini bölüşən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib ki, sahibsiz itlər cəmiyyətin ciddi probleminə çevrilib. O, belə hallarla özünündə tez-tez qarşılaşdığını deyib:
"Mən velosiped sürən bir vətəndaşam və sahibsiz itlərin mənə hücum etməsi halları ilə dəfələrlə rastlaşmışam. Hətta bəzən az qala yıxılma təhlükəsi ilə üzləşmişəm. Bu, cəmiyyətin çox ciddi və real problemlərindən biridir.
Əlbəttə, bir çox ölkələrdə sahibsiz it problemi mövcuddur. Lakin mən hesab edirəm ki, müsəlman dövləti olan Azərbaycanda küçə itləri olmamalıdır. Ümumiyyətlə, müsəlman ölkələrində küçə itlərinə rast gəlinmir.
İtlərə və pişiklərə məhəbbət məsələsinə gəldikdə isə, bunun elmi və dini əsası yoxdur. Qurani-Kərimdə pişiyin müqəddəsliyi barədə heç bir məlumat yoxdur. Pişiklərin funksiyası siçan tutmaqdır və bu funksiyanı min illərdir yerinə yetirirlər. Bu hörmət də buradan qaynaqlanır.
Eyni sözlər itlərə də aiddir. Bu kimi məsələlər qanunvericilik çərçivəsində həll edilməlidir".
E.Hüseynov vurğulayıb ki, burada məsuliyyət yalnız yerli icra hakimiyyətinin deyil, həm də bələdiyyələrin üzərinə düşür:
"Hər bələdiyyə öz ərazisində sahibsiz itlərlə bağlı tədbirlər görməlidir.
Bir istehlakçı hüquqlarını qoruyan şəxs kimi, mən heyvan hüquqlarını insan hüquqlarından üstün tutan yanaşmaları qətiyyən qəbul etmirəm. İtlər həyatın bir parçasıdır, lakin onların funksiyası olmalıdır. İnsanlar itləri ev heyvanına çevirib bundan gəlir əldə etməyə çalışırlar ki, bu da təbiətin harmoniyasını pozur. Təəssüf ki, bu, real bir tendensiyaya çevrilib. Mən hesab edirəm ki, insanlara zərər verən küçə itləri radikal şəkildə – yəni məhv edilməklə – aradan qaldırılmalıdır. Əgər kimlərsə bu heyvanların hüquqlarını qoruyursa, buyursunlar, onlara yiyə dursunlar. Əgər bu məsuliyyəti üzərlərinə götürə bilmirlərsə, heç olmasa səssiz qalsınlar.
Xaricdə bir it və pişik mağazasına daxil olsaq, orada minlərlə müxtəlif məhsul görərik. Mən bu yaxınlarda Filippində olmuşam. Orada küçə itlərinə rast gəlinmir, lakin ev itləri üçün xüsusi mağazalar, uşaq arabasına bənzər kalyaskalar, geyimlər mövcuddur. Türkiyədə bir supermarketdə isə bir qadının ərzaq arabasında it gəzdirdiyinin şahidi oldum. Mağaza rəhbərliyinə müraciət etdim və bu hərəkətin gigiyena baxımından qəbuledilməz olduğunu bildirdim.
İt saxlayan insanlar unutmamalıdırlar ki, onlardan da üstün olan insanlar var – uşaqlar, xəstələr, yaşlılar. Enerji və diqqətlərini onlara sərf etməlidirlər.
Təxminən iki il əvvəl şəhərin mərkəzində maşınıma küçə iti hücum etdi. Hadisə baş verəndə əvvəlcə maşının oğurlandığını zənn etdim və nə baş verdiyini anlamadım. Gəldilər, müşahidə kameralarına baxdılar, şəkillər və digər sübutlar toplandı. Amma heç kim inanmadı ki, bu vəziyyətə küçə iti səbəb ola bilər".
Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətinin mətbuat katibi Seymur Qasımov isə bildirib ki, rayon ərazisində təhlükə yarada biləcək sahibsiz heyvanların toplanması istiqamətində tədbirlər davam etdirilir:
“Sahibsiz itlər mütəmadi olaraq Sahibsiz İtlərə Qayğı Mərkəzləri tərəfindən küçə, park və prospektlərdən toplanır və xüsusi avtomobillərlə mərkəzə daşınır. Bu proses sivil və heyvanlara zərər verilməyən şəkildə həyata keçirilir.”
O əlavə edib ki, Abşeron rayonunda Sahibsiz Heyvanlara Qayğı Mərkəzinin yaradılması istiqamətində də işlər görülür və hazırda bu layihə sənədləşmə mərhələsindədir.
Seyranə Quliyeva