"Təhsil naziri üzr istəməlidir" - Ekspertdən SƏRT TƏNQİD

16:00 - 29 May 2025

\"Təhsil naziri üzr istəməlidir\" - Ekspertdən SƏRT TƏNQİD

Xəbər verdiyimiz kimi, 2025-2026-cı tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşən, şagird qəbulu mərkəzləşdirilmiş imtahanla həyata keçirilən bir sıra lisey və gimnaziyaların 7-ci siniflərinə qəbul prosesinə start verilir. Məsələylə Təhsil İnstitutu məsələ ilə bağlı növbəti açıqlama yayıb. Bildirilib ki, 2025-2026-cı tədris ilində istisna olaraq V, VI və VIII siniflər üzrə də qəbul prosesi həyata keçiriləcək. Belə ki, mərkəzləşdirilmiş qaydada keçirilən qəbul imtahanında IV, V və VII sinifdə təhsil alan (yəni 2025-2026-cı tədris ilində V, VI və VIII sinfə keçəcək) şagirdlərin də iştirakı təmin ediləcək. Qeyd edək ki, lisey və gimnaziyalara qəbulun yalnız 6-cı sinifdən aparılması ilə bağlı qərar valideynlərin narazılığına səbəb olmuşdu.  Bəs bu qərarın yenidən dəyişdirilməsinə səbəb nədir? Ümumiyyətlə belə imtahanlara ehtiyac varmı?


Mövzu ilə bağlı Manset.az-a danışan təhsil məsələləri üzrə ekspert Elşən Qafarov bildirib ki, son üç gündə bütün kütləvi informasiya vasitələrinin, sosial şəbəkələrin və televiziya kanallarının gündəmində olan mövzulardan biri lisey və gimnaziyalara qəbul prosesində edilən ciddi dəyişikliklə bağlı qərar oldu.

O bildirib ki, lisey və gimnaziyalarda qəbul imtahanlarının təşkili ilə bağlı ilboyu, ayda ən azı iki dəfə sınaq imtahanları keçirilib:

"Hətta mayın 31-i və iyunun 1-də keçiriləcək imtahanlara biletlər də satılıb. Təsəvvür edin: minlərlə 5, 6 və 8-ci sinif şagirdi bu qəbul imtahanlarına hazırlaşıb. Bu şagirdlər hər ay hər fənn üzrə 100-150 manat ödəniş etməklə üç fəndən hazırlığa qatılıblar. Uşaqlar əlavə yükləniblər, valideynlər əlavə maliyyə xərcləri ilə yanaşı, psixoloji stressə də düşüblər. Bütün bunların təşkilatçısı Təhsil Nazirliyi və onun tabeliyində olan qurumlar olub – imtahanlar da, hazırlıq proqramları da, tədris prosesini həyata keçirən müəllimlər də həmin qurumların təşəbbüsü ilə həyata keçirilib.

Amma heç bir məntiqli əsaslandırma verilmədən, mən deyərdim ki, tamamilə məntiqsiz və düşünülməmiş bir qərar verildi. Və bir səhər açıqlama verildi ki, artıq 5, 6 və 8-ci siniflər üzrə qəbul imtahanları keçirilməyəcək. Bu qərar göstərdi ki, məsələ ilə bağlı ictimaiyyətin, xüsusən də kütləvi informasiya vasitələrinin, sizin saytın, televiziya kanallarının və sosial şəbəkələrdə etirazlarını bildirən təhsil ekspertlərinin, valideynlərin səyləri nəticə verdi. Onlara təşəkkür edirəm.

Əslində, bu qərarın bir il müddətinə təxirə salınması belə müəyyən qədər məntiqidir. Amma ümumilikdə baxanda, lisey və gimnaziyalara qəbul sistemi yenidən nəzərdən keçirilməlidir".

Ekspert qeyd edib ki, qəbul yaşının 5-ə endirilməsi və bu təhsil müəssisələrində 12 illik təhsilin tətbiq edilməsi vacibdir:

"Çünki illərdir 12 illik təhsilə keçidlə bağlı heç bir ciddi addım atılmayıb. Beynəlxalq təcrübə də göstərir ki, erkən yaşdan başlayan keyfiyyətli təhsil daha səmərəlidir.

Qərarın ləğv edilməsi onu göstərdi ki, bu addım əsaslandırılmamış, məntiqsiz və süni narazılığa səbəb olacaq bir qərar idi. Görünür, bu narazılığın miqyası gözlənilməz olub. Nəticə etibarilə mən hesab edirəm ki, Təhsil naziri Emin Əmrullayev və Təhsil İnstitutunun direktoru Elnur Əliyev lisey və gimnaziyalara hazırlaşan minlərlə şagirddən, onların valideynlərindən və ümumilikdə təhsil ictimaiyyətindən üzr istəməlidirlər. Çünki onlar bu prosesdə həm səriştəsiz, həm də qeyri-peşəkar qərarlarla cəmiyyətə ciddi narahatlıq yaşatdılar".


Seyranə Quliyeva


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv