Mediada gənc səslər, böyük mesajlar - Naxçıvanda tarixi konfrans

14:20 - 02 İyun 2025

Mediada gənc səslər, böyük mesajlar - Naxçıvanda tarixi konfrans

Xəbər verdiyimiz kimi, Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən Naxçıvanda “Qlobal İnformasiya Mühiti və Media Trendləri” konfransı – “MEDİAFEST-2025” keçirilib. Konfransda bir çox media nümayəndələri iştirak edib. 


Tədbirlə bağlı Manset.az-a danışan Əməkdar jurnalist, publisist, professor Qulu Məhərrəmli bildirib ki, bu konfrans bir neçə məqamı ilə xüsusilə yadda qaldı:

"Adından da göründüyü kimi, konfransda müasir dünyada baş verən informasiya prosesləri, sürətli informasiya axını, dezinformasiyanın artması, informasiya müharibəsinin genişlənməsi, müxtəlif bölgələrdə təxribat məqsədilə aparılan çoxşaxəli informasiya hücumları, o cümlədən kibermüharibə məsələləri geniş şəkildə müzakirə olundu.

Hesab edirəm ki, bu konfrans bir neçə məqamı ilə xüsusilə yadda qaldı. Şəxsən mənim üçün ən önəmlilərindən biri, orada təşkil edilən media sərgisi oldu. Gənc jurnalistlərin yaradıcılıq işləri nümayiş etdirildi və bu, gələcək nəsil media nümayəndələrinin potensialını göstərdi.

Xüsusilə vurğulamaq istərdim ki, konfrans çərçivəsində keçirilən panellərdə müxtəlif mövzular debat formatında müzakirə edildi və bu format tədbirin daha effektiv keçməsinə şərait yaratdı. Müxtəlif media qurumlarının nümayəndələri arasında aparılan fikir mübadiləsi də olduqca faydalı oldu".

Q.Məhərrəmli, qeyd edib ki, yaddaşımda qalan və xüsusi vurğulamaq istədiyim iki mühüm məqam var:

"Birincisi, Naxçıvan Televiziyasının peyk yayımına qoşulmasının məhz bu konfrans çərçivəsində elan olunması oldu. Bu, çox önəmli hadisədir. Çünki Naxçıvan elə bir coğrafi və strateji mövqeyə malikdir ki, buradan yayımlanan məlumatlar – Muxtar Respublikanın gündəlik həyatından tutmuş, Zəngəzur dəhlizi kontekstində Azərbaycanın digər bölgələri ilə əlaqələrinin qurulmasına, Türkiyə və İranla münasibətlərə, eləcə də Ermənistanla hələlik qeyri-müəyyən olsa da, inkişaf edən proseslərə qədər mühüm əhəmiyyət kəsb edir.

İkinci mühüm məqam isə Naxçıvan Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbə və müəllimləri ilə keçirilən görüş oldu. Bu görüşü xüsusilə dəyərləndirirəm. Orada media savadlılığı, dezinformasiyalarla mübarizə, jurnalist məsuliyyəti və etikası, jurnalist cəsarəti, araşdırma jurnalistikası və müsahibə aparılması ilə bağlı mübahisəli məsələlər ətrafında müzakirələr aparıldı və bir sıra suallara aydınlıq gətirildi.

Bütün bu məqamlar mənim üçün olduqca maraqlı və faydalı oldu".

Naxçıvanda “Qlobal İnformasiya Mühiti və Media Trendləri” konfransında iştirak edən, Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Azxeber.com xəbər portalının baş redaktoru Hacıbəy Heydərli vurğulayıb ki, Azərbaycan Milli Mətbuatının 150 illiyi ilə bağlı ilk böyük tədbirin Naxçıvanda keçirilməsi çox önəmlidir:

"Çünki Naxçıvan Azərbaycanın ayrılmaz bir hissəsidir. Naxçıvanda son illər biz mediaya diqqət və qayğını görürük. Bu gün Naxçıvan Televiziyasının da peyk yayımına başlaması, eyni zamanda Azərbaycanın aparıcı media qurumlarının rəhbərlərinin, Medianın İnkişafı Agentliyinin, Audiovizual Şuranın, Mətbuat Şurasının rəhbərlərinin iştirakı, onların iştirakı ilə Naxçıvan Televiziyasının peyk yayımına çıxması, Azərbaycan mediasının daha geniş spektrli bir mərhələyə qədəm qoyduğunu göstərir.

Eyni zamanda biz həmin tədbirlər çərçivəsində Naxçıvanda fəaliyyət göstərən media subyektləri ilə yaxından tanış olduq – istər "Şərq Qapısı" qəzeti, istər "Məktəbli" qəzeti və s.

Naxçıvan Televiziyasının peyk yayımına çıxması çox yaxşı haldır. Çünki Naxçıvanda son illər media subyektlərinin inkişafı göz önündədir. Həm sosial şəbəkələrdə, həm də televiziya məkanında aktiv fəaliyyət göstərirlər. Bu kanalın peyk yayımına çıxması, düşünürəm ki, digər bölgələrdə fəaliyyət göstərən media subyektlərinin inkişafına dəstək olacaq.

Festival çərçivəsində panellər oldu. Süni intellekt, dezinformasiya, mətbuatın problemləri müzakirə edildi. Gənc jurnalistlərlə görüşlər keçirildi. İstər gənc jurnalistlərin peşəkar formalaşmasında, media savadlılığına yiyələnməsində bu tədbirlərin misilsiz rolu var. Düşünürəm ki, bu cür tədbirlər davamlı olmalıdır. Naxçıvan Azərbaycanın ayrılmaz bir hissəsidir, Naxçıvanın mediasının da güclənməsi Naxçıvan və bütün Azərbaycan ictimaiyyətinə Naxçıvanda baş verən proseslərin çatdırılması baxımından vacibdir. Bu festivalın işini çox yüksək qiymətləndirirəm. Düşünürəm ki, bundan sonra Naxçıvan mediasının daha da güclənməsinin şahidi olacağıq".


Seyranə Quliyeva


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv