"Neft-qaz sektoru yüksək inkişaf səviyyəsinə çatıb"- Deputat

10:45 - 03 İyun 2025

\"Neft-qaz sektoru yüksək inkişaf səviyyəsinə çatıb\"- Deputat

"Azərbaycanın neft-qaz sektoru təkcə ölkəmizin deyil, regionun və Avropanın da inkişafına töhfə verir".


Bunu Manset.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov deyib.

O bildirib ki, Müstəqil Azərbaycan Respublikasının neft-qaz sektoru çətin dövrlərdən keçərək bu gün yüksək inkişaf səviyyəsinə çatıb:

"Biz neft-qaz sektorunu inkişaf etdirməklə yalnız ölkəmizin deyil, eyni zamanda region dövlətlərinin iqtisadi inkişafına və Avropanın enerji xəritəsinin yenidən formalaşmasına ciddi töhfələr vermişik".

Deputat qeyd edib ki, bu il 30 illik yubileyi qeyd edilən Bakı Enerji Həftəsinin əsası Azərbaycanın mürəkkəb və təlatümlü bir dövründə qoyulub:

"1990-cı illərin əvvəllərində Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü, torpaqlarımızın işğalı, vətəndaş qarşıdurması, siyasi sabitliyin olmaması və inflyasiyanın 1000 dəfədən çox artması xarici investorların neft-qaz sektoruna marağını azaldırdı. Çünki heç bir ağıllı investor riskli və qeyri-sabit ölkəyə sərmayə yatırmaz. Ümummilli lider Heydər Əliyevin Azərbaycanın siyasi rəhbərliyinə qayıdışı vəziyyəti kökündən dəyişdi.

Bu həm də xarici investorların ölkəmizə olan münasibətini dəyişdirdi. Azərbaycanın neft-qaz sektorunun yenilənməsi və inkişafı üçün xarici investisiyalara ciddi ehtiyac var idi. Dahi liderin müəyyən etdiyi neft strategiyası nəticəsində 1994-cü il sentyabrın 20-də ‘Əsrin müqaviləsi’ imzalandı. Bu müqavilə Xəzər dənizinin dərin qatlarında hasilatın pay bölgüsü əsasında 7 ölkənin 11 aparıcı şirkəti ilə bağlandı. Elə bundan sonra Azərbaycanın enerji sektoruna milyardlarla dollar həcmində investisiyalar yatırıldı".

Deputatın sözlərinə görə, ölkədə həyata keçirilən islahatlar və uğurlu siyasi kurs nəticəsində Azərbaycan iqtisadiyyatı inkişaf etməyə, eyni zamanda qlobal siyasi və iqtisadi sistemə inteqrasiya olunmağa başladı:

"İnşa olunan ixrac kəmərləri vasitəsilə ölkəmiz öz neft və qaz resurslarını müstəqil şəkildə beynəlxalq bazarlara çıxarmaq imkanına sahib oldu. Xəzər dənizindən başlayaraq İtaliyaya qədər uzanan, 3500 km uzunluğa malik Cənub Qaz Dəhlizi bunun bariz nümunəsidir. Bu gün Azərbaycan 12 ölkəyə qaz ixrac edir və ixrac coğrafiyasını genişləndirmək istiqamətində tədbirlər davam etdirilir".

Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan nəqliyyat və logistika marşrutlarını formalaşdıraraq qitələri birləşdirən mühüm tranzit mərkəzə çevrilib. Ölkə iqtisadiyyatı da sürətli inkişaf yolunu keçib:

"Bu gün Azərbaycanın xarici dövlət borcu ÜDM-in 7%-dən azdır və valyuta ehtiyatlarımız onu 14 dəfə üstələyir. İşsizlik səviyyəsi 5%-ə enib. Tarixi vəzifəmiz olan ərazilər işğaldan azad edilib, ölkəmizin suverenliyi bərpa olunub. Azərbaycan sabitlik və inkişaf adasına çevrilib.

Bakı Ekspo Mərkəzində fəaliyyətə başlayan 30-cu yubiley Bakı Enerji Həftəsi tarixi əhəmiyyət daşıyır.

Azərbaycanın həm neft-qaz, həm də yaşıl enerji sektorunun inkişafında Bakı Enerji Həftəsinin mühüm rolu olub. Həftə çərçivəsində təşkil olunan sərgilərdə iştirak edən şirkətlərin nümayəndələri ilə görüşlər keçirilir və mühüm müqavilələr imzalanır. Keçən ilki tədbirdə 1000 meqavat gücündə bərpa olunan enerji sahələrinə investisiyalarla bağlı müqavilələr imzalanıb".

Azər Badamov əlavə edib ki, builki Bakı Enerji Həftəsində də 100 meqavatlıq yaşıl enerji istehsalı layihələrinə investisiyaların cəlb olunması gözlənilir:

"Azərbaycan yaşıl gündəliyini genişləndirməklə bərpa olunan enerji istehsalını artırır və qaz ehtiyatlarına qənaət etməklə 2030-cu ilə qədər Avropa İttifaqı ölkələrinə əlavə 8 milyard kubmetr mavi qaz ixrac etmək potensialına malik olacaq. Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində ölkəmiz regionda və qlobal səviyyədə strateji təşəbbüslərin müəllifinə çevrilib, bu da təkcə Azərbaycana deyil, bütöv bir coğrafiyaya fayda verir".


Seyranə Quliyeva


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv