Yerli otellərdə kənd məhsulları qadağandır - Səbəbkar kimdir?

12:22 - 04 İyun 2025

Yerli otellərdə kənd məhsulları qadağandır - Səbəbkar kimdir?

Azərbaycanın regionlarında fəaliyyət göstərən otellərdə yerli kənd təsərrüfatı məhsulları müştərilərə təqdim edilmir.  Bu da bir sıra mənfi nəticələrə səbəb olur. İlk növbədə, bu hal yerli fermerlərin məhsullarına olan tələbatı azaldır və onların gəlir imkanlarını məhdudlaşdırır. Nəticədə kənd təsərrüfatının inkişafı ləngiyir. Eyni zamanda, turistlər Azərbaycan kəndlərinə məxsus təbii və orijinal dadları dada bilmədiklərindən, ölkənin mədəni və kulinariya müxtəlifliyi onlara tam şəkildə təqdim olunmur. Bəs görəsənotellərdə kənd məhsulları niyə təqdim edilmir? Kənd məhsullarının istifadəsi niyə qadağan edilib?


Mövzu ilə bağlı Manset.az-a danışan iqtisad elmləri doktoru, professor Zahid Məmmədov bildirib ki, bu halların dəfələrlə şahidi olub:

"Biz kənd yerlərinə əsasən istirahət və orqanik məhsullardan istifadə etmək üçün gedirik. Regionlarda yaşayan insanlar bu məhsulları həm öz tələbatlarını ödəmək, həm də satış məqsədilə istehsal edirlər. Buna baxmayaraq, bir çox region otelləri həmin yerli istehsalçılardan məhsul almaq əvəzinə başqa mənbələrə üz tuturlar. Halbuki, bu otellər yerli fermerlərlə müqavilələr imzalayaraq onların məhsullarını almalı və bu əməkdaşlığı dəstəkləməlidirlər. Bu təcrübə bir çox xarici ölkələrdə uğurla tətbiq olunur və kənd təsərrüfatının inkişafına mühüm töhfə verir. Yerli iqtisadiyyatın dəstəklənməsi, ekoloji təmiz məhsulların təşviqi və turizm sektorunun dayanıqlı inkişafı üçün bu məsələyə ciddi nəzarət edilməlidir. Dövlət və müvafiq qurumlar bu sahədə nəzarəti gücləndirərək kənd təsərrüfatı ilə turizm arasında körpü rolunu oynamalıdır".

Tez-tez xarici və yerli səfərlərdə olan Editor.az saytının rəhbəri Fərid Şahbazlı da bu barədə fikirlərini bir vətəndaş kimi bildirib.

O qeyd edib ki, regionlarda yerləşən otellərdə təbii kənd məhsullarının təqdim edilməsi mütləqdir:

"Çünki insanlar bu xidmətə görə ödəniş edir və rayona gəlməklərində əsas məqsəd kəndin təbii abu-havasını hiss etmək, orijinal kənd qidalarından dadmaqdır. Təbii məhsullarla hazırlanmış yeməklər onların gözləntilərinin bir hissəsidir. Əgər otellərdə belə məhsullar təklif olunmursa, bu, istirahətin əsas məqsədini aradan qaldırır və xidmətin keyfiyyətinə mənfi təsir göstərir. Bu baxımdan, vətəndaşlara göstərilən xidmətlərin səviyyəsinin aşağı olduğunu göstərir. Bir vətəndaş və istehlakçı olaraq hesab edirəm ki, bu yanaşma düzgün deyil".

Məsələ ilə bağlı Dövlət Turizm Agentliyinin rəsmi şəxslərinə müraciət etsək də, onlar bu barədə danışmaqdan imtina etdilər.


Seyranə Quliyeva


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv