Xəbər verdiyimiz kimi, Azərbaycan Elmi - Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun keçmiş əməkdaşı Məmmədova Asiman Qurban qızı qurumun hazırkı baş direktoru Rüstəm Talışinski-Rəşidoviçin qanunsuz hərəkətləri barədə ciddi iddialar səsləndirib.
Asiman Məmmədova Manset.az-a verdiyi yeni açıqlamada bildirib ki, Rüstəm Talışinski-Rəşidoviçin ona qarşı səsləndirdiyi ittihamlar əsassızdır və onu işdən uzaqlaşdırmaq üçün əsas kimi göstərilən pasiyent şikayəti tamamilə saxtadır. Asiman Məmmədovanın sözlərinə görə, adı hallandırılan xəstə – Cavid Məmmədli – nə Binaqədi rayon, nə də digər prokurorluqlara onun əleyhinə şikayət ünvanlamayıb. Əksinə, pasiyent özü videomüraciət göndərərək, heç bir narazılığının olmadığını bildirib:
“Bu məsələ yayıldıqdan sonra mən arxivimdən xəstəlik tarixini araşdırıb həmin şəxslə əlaqə saxladım. O mənə video göndərdi, həm də yazılı şəkildə bildirdi ki, nə mənə, nə də institut rəhbərliyinə qarşı heç bir şikayəti olmayıb. Həmin video da hazırda əlimizdədir.”
Məmmədova iddia edir ki, institut rəhbərliyi və bəzi media orqanları onun əleyhinə əsassız ittihamlar irəli sürərək, guya pasiyentin narazılığına əsaslanıb onu gözdən salmağa çalışır.
“Səhiyyə Nazirliyi niyə susur?”
Keçmiş əməkdaş bildirib ki, baş verənlərlə bağlı Səhiyyə Nazirliyinə dəfələrlə müraciət etsə də, qurum hələ də mövqe bildirməyib:
“Bu tibb müəssisəsində baş verən özbaşınalığa qarşı Səhiyyə Nazirliyi nəzarətsiz yanaşır. Mən bilmək istəyirəm: Rüstəm Talışinskinin bu addımlarını kim himayə edir? Onun bu qədər arxayın davranmasının səbəbi nədir?”.
Asiman Məmmədova onu da qeyd edir ki, müxtəlif saytlara və Xəzər TV-yə verdiyi müsahibələrdən sonra institutun hazırkı rəhbərliyi tərəfindən psixoloji təzyiqlərə məruz qalır:
“Bildirilir ki, tutaq ki, məhkəməni udub geri döndün, biz sənə burada işləməyə imkan verməyəcəyik. Hətta Səhiyyə Nazirliyinin bəzi əməkdaşlarının köməyi ilə barəmdə yenidən şər-böhtan atılacağı, bu əsasla bir daha işdən uzaqlaşdırılacağım deyilir. Məqsəd odur ki, şikayətimdən və haqqımı tələb etməkdən əl çəkim.”
Qeyd edək ki, daha əvvəl yayımlanan materialda Asiman
Məmmədova iddia etmişdi ki, o, əsasız yerə və hədə-qorxu ilə ərizə yazdırılaraq
işdən uzaqlaşdırılıb. O, məsələ ilə bağlı məhkəməyə və Dövlət Əmək Müfəttişliyinə
müraciət edib. Nəsimi Rayon Məhkəməsi onun xeyrinə qərar çıxararaq, işə bərpasını
təmin edib. Lakin institut rəhbərliyi əmrin tarixini dəyişərək əmək haqqı ilə
bağlı əlavə qanunsuzluğa yol verib.
Hazırda məsələ ilə bağlı məhkəmə prosesi davam edir.