"Kremlin bu hadisələrdən xəbərsiz olması mümkün deyil" - Deputat

13:04 - 29 İyun 2025

\"Kremlin bu hadisələrdən xəbərsiz olması mümkün deyil\" - Deputat

"Yekaterinburq şəhərində baş verən bu hadisələrdən Kremlin xəbərsiz olduğunu söyləmək mümkün deyil. Çünki, Rusiyada hakimiyyət konkret olaraq bir nəfərin əlində cəmləşib, mümkün deyil ki, onun icazəsi olmadan belə səsli-küylü, dövlətlər arasında münasibətlərə ciddi xələl gətirəcək əməliyyatların keçirilməsinə icazə verilsin".


Bu sözləri Manset.az-a açıqlamasında deputat Aydın Hüseynov deyib. 

O bildirib ki, Rusiya ilə Azərbaycan strateji müttəfiq dövlətlərdir, bu müqavilə 2022-ci ilin fevral ayının 22-də imzalanıb:

"Məgər müttəfiq ölkələrdən biri, o birinə qarşı, onun vətəndaşlarına qarşı belə çirkin, xoşagəlməz münasibət göstərəmi? Əlbəttə yox. Amma Azərbaycana və onun Rusiya ərazisində yaşayan vətəndaşlarına, bu ölkənin vətəndaşlığını almış soydaşlarımıza qarşı neqativ münasibətlərin formalaşmasında media üzərindən aparılan təmliğat da az rol oynamayıb. Strateji müttəfiq olmağımıza baxmayaraq Rusiya Federasiyasında fəaliyyət göstərən, xüsusilə də Kremlin xeyir-duası ilə ssenarilər hazırlayan media qurumları bir dəfə də olsun nə Ermənistan-Azərbaycan münasibətləri, nə də Rusiya-Azərbaycan əlaqələri barədə həqiqəti söyləməyiblər”. 

Deputat qeyd edib ki, Rusiyanın hakim dairələrinin, aidiyyəti qurumlarının apardığı ayrıseçkilik siyasət təkcə azərbaycanlılara qarşı olmayıb:

“Mərkəzi Asiya respublikalarından olan özbəklərə, qırğızlara, türkmənlərə və digər millətlərin nümayəndələrinə qarşı da anoloji tədbirlər həyata keçirilib və bu gün də keçirilir. Rusiyada artıq adi həyat tərzinə çevrilmiş şovinizm, diskriminasiya və islamofob siyasətinin dadına bütün keçmiş “qardaş respublikalar”ın - indiki müstəqil dövlətlərin vətəndaşları baxmaqdadırlar. Nəzərə alsaq ki, Rusiya avtoritar rejim tərəfindən idarə olunur, bütün daxili və xarici siyasət Kreml tərəfindən yürüdülür, artıq burada baş verən hadisələrin başında kimin durduğunu söyləmək çətin deyil. Bu gün Rusiya qardaşına, dili, dini eyni slavyan Ukrayna xalqına qarşı belə qəddar siyasət yürüdürsə, şəhər və kəndlərini yer üzündən silirsə, onda digər xalqlara qarşı daha qəddar və acımasız davranışı təəccüb doğurmamalıdlr. Çeçen xalqına qarşı etnik təmizləmə, 1990-cı illərdə digər xalqların nümayəndələrinə qarşı qəddarlığı ilə seçiıən skinhed hərəkatı, dini ibadət yerlərinə hücumların təşkili, Rusiya ərazisində baş verən terror aktlarında heç bir araşdırma aparmadan, birbaşa miqrantların, qeyri-rus millətindən olanların günahlandırılması, onların istintaqına heç bir vəkilin, yaxud müstəqil hüquqşünasın buraxılmaması, əksər hallarda həbs olunanların öldürülməsi aparılan çirkin siyasətin bir parçasıdır. Yekaterinburqda azərbaycanlılara qarşı törədilən cinayətin bütün detalları, Rusiya polisinin, OMON un qəddarlığı bu ölkənin hüquq mühafizə orqanlarının ixtira etdiyi etnocinayətkarlıq anlayışının tərkib hissəsidir. 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Azərbaycan torpaqlarının işğalı və 30 ilə yaxın işğal altında saxlanmasını da unutmamalıyıq”.


Seyranə Quliyeva


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az