"Rusiya XİN Azərbaycan tərəfinə rəsmi şəkildə cavab verməlidir" - Komitə sədri

16:06 - 29 İyun 2025

\"Rusiya XİN Azərbaycan tərəfinə rəsmi şəkildə cavab verməlidir\" - Komitə sədri

Rusiyada baş vermiş hadisə Azərbaycan vətəndaşlarına, eyni zamanda ümumilikdə miqrantlara qarşı yönəlmiş ən ciddi insidentlərdən biridir. Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri və İstintaq Komitəsinin atdığı addımlar, ehtimal ki, onların səlahiyyətlərini aşan hərəkətləri də əhatə edir. Bu məsələ ciddiliklə araşdırılmalı və obyektiv qiymətləndirilməlidir.


Bunu Manset.az-a açıqlamasında Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deyib. 

O bildirib ki, əgər doğrudan da cinayət işi açılıb, hadisə nəticəsində ölüm baş veribsə, hüquq-mühafizə orqanları buna görə məsuliyyət daşımalıdır və bu, şəffaf şəkildə araşdırılmalıdır:

"Son dövrlər Rusiyada miqrantlara qarşı qəbul edilən qərarlar, miqrasiya siyasətində müşahidə olunan yanaşmalar artıq sistematik xarakter daşıyır. Bu, təəssüf ki, ilk hadisə deyil.

Azərbaycan Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı verdiyi bəyanatın Rusiya tərəfinə ən yüksək səviyyədə çatdırıldığı düşünülür. Hərçənd Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bununla bağlı açıqlama verib, Azərbaycan tərəfinin rəsmi bəyanatına cavab da eyni səviyyədə verilməlidir".

A.Nağıyev qeyd edib ki, bu kimi yanaşmalar, xüsusilə miqrant siyasətinə dair qeyri-obyektiv münasibət, iki ölkə arasında münasibətlərə və miqrantların hüquqlarına ciddi təsir göstərə bilər:

"Azərbaycan daim mehriban qonşuluq prinsiplərinə sadiq olub və ölkədə yaşayan rus icmasına yüksək hörmət nümayiş etdirilib. Qarşı tərəfdən də eyni münasibət gözlənilir. İstər Rusiya Xarici İşlər Nazirliyi, istərsə də İstintaq Komitəsi məsələyə ciddi yanaşmalı və Azərbaycan tərəfinə rəsmi şəkildə cavab verməlidir".


Seyranə Quliyeva


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az