Son günlər sosial şəbəkələrdə və məktəb qruplarında Azərbaycanda rusdilli məktəblərin mərhələli şəkildə bağlanacağı ilə bağlı iddialar yayılıb. Sosial media və ictimai müzakirələrdə geniş rezonans doğuran bu iddialar cəmiyyətin müxtəlif təbəqələrində narahatlıq yaradıb. Xüsusilə rus bölməsində təhsil alan minlərlə şagirdin gələcəyi ilə bağlı suallar ortaya çıxıb. Bəs, görəsən, tanınmış ictimai-siyasi xadimlər, mədəniyyət nümayəndələri bu məsələ barədə nə düşünür?
Manset.az məsələyə aydınlıq gətirmək və ictimai rəyin nəbzini tutmaq üçün tanınmış şəxslərə sorğu ünvanlayıb.
Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, təhsil və dil öyrənmək siyasi proseslərlə əlaqələndirilməməlidir:
"Mənə elə gəlir ki, təhsil davamlı, ardıcıl prosesdir. Siyasət isə dəyişən prosesdir. Ona görə də biz təhsili siyasətin əhvali-ruhiyyəsinə uyğunlaşdıra bilmərik. Çünki təhsil bir strategiyadır və bir zərurətdir. Bu zərurət reallığı nəzərə almaqla formalaşır. Əgər Azərbaycanda müəyyən auditoriyanın rus dilində təhsil almasına ehtiyac varsa, əlbəttə ki, ala bilər. Rus dilini öyrənmək təkcə siyasi müstəvidə Rusiya ilə ünsiyyət üçün deyil. Rus dilini öyrənmək həm də Rus ədəbiyyatını, mədəniyyətini öyrənmək deməkdir. Amma ümumilikdə Azərbaycanda rusdilli məktəblərin sayı həddindən artıq çoxdur".
Xalq artisti Faiq Ağayev isə bildirib ki, ölkə başçısı İlham Əliyev nə qərar versə, onu dəstəkləyəcək.
Tanınmış jurnalist Vüsal Məmmədov isə hesab edir ki, məktəblərdəki rus bölməsinin taleyini Rusiya-Azərbaycan münasibətlərinə bağlamaq doğru deyil:
"Əgər dövlət maraqları o siniflərin bağlanmasını tələb edirsə, bunun başqa müstəvidə, sırf təhsil məsələsi kimi ayrıca müzakirəsi lazımdır. Biz həmin sinifləri Rusiyanın xoşuna gəlmək üçün açmamışdıq və saxlamaqda məqsəd də yenə, Moskvanı məmnun etmək deyildi. O siniflər Azərbaycan vətəndaşlarına, öz balalarımıza xidmət göstərir. Orada yetişən insanlar isə əsla rusmeyilli olmurlar. Bir şeyi də anlamaq lazımdır: rus siniflərində oxuyan azərbaycanlı balaları rusdilli olmurlar. Onlar rus dilini mükəmməl bilən azərbaycanlı olurlar. Uşaqların beyninin necə formalaşması dildən yox, tədris edilən proqramdan aslıdır".
Müğənni Nura Suri isə rus bölmələrinin türk bölmələri ilə əvəz olunmasını təklif edib:
"Mənim övladlarım ingilis dili üzrə təhsil alıblar. Onlar hamısı özəl və ödənişli məktəblərdir. Rus dili də xarici dil kimi qəbul olunur. Düşünürəm ki, belə məktəblər özəl və ödənişli ola bilər. Bunun əvəzinə türk dili təhsili də verilə bilər. Türkdilli xalq olduğumuza görə, məktəblərdə türk dilində təhsil təşkil olunması məqsədəuyğundur".
Xalq artisti Şeyx Əbdül Mahmudbəyov hesab edir ki, bu proses mərhələli şəkildə olmalıdır:
"Əgər söhbət dil bilməkdən gedirsə, bu gün rus dili dünyanın aparıcı dillərindən biri hesab olunur. Lakin prinsip etibarilə rus bölmələrinin tədricən ləğv edilməsi məqsədəuyğundur. Elə şagirdlər var ki, 9-cu sinfə qədər rus dilində təhsil alıblar. Bu səbəbdən həmin uşaqların təhsilini başa vurmasına şərait yaradılmalıdır. Ümumilikdə isə, mərhələli şəkildə rus dilində təhsilin ləğvinə doğru addımlar atılmalıdır".
Təhsil eksperti Kamran Əsədovun fikrincə, bu qərarın verilib-verilməməsi emosiyalara deyil, faktlara və nəticəyə söykənməlidir:
"Rus bölmələrinin fəaliyyətinin nəticələri həm buraxılış, həm də qəbul imtahanlarında zəif performansla müşahidə olunur. Əmək bazarına uyğunluq baxımından da rus bölməsinin perspektivi zəifdi. Dünya təcrübəsinə nəzər yetirdikdə görürük ki, postsovet məkanında bir çox ölkələr rus bölmələrindən ya tamamilə imtina edib, ya da bu modelləri sərt şəkildə milli və beynəlxalq dillərlə əvəz ediblər. Estoniya, Latviya, Litva bu sahədə konkret addımlar ataraq təhsildə milli dilin hökmranlığını bərpa ediblər. Estoniya 2018-ci ildə rusdilli təhsil müəssisələrində tədrisin yalnız 20 faizinin rus dilində, qalan hissəsinin eston dilində keçirilməsini qərara aldı və bu islahatın nəticəsində 2022-ci ildə PISA testlərində Avropada birinci yeri tutdu. Bu, onu göstərir ki, dil siyasətində milli və strateji yanaşma təhsilin nəticələrinə bilavasitə təsir edir. Əgər rus bölməsi artıq nə akademik nəticələr verir, nə əmək bazarına çıxışı təmin edir, nə də bərabər rəqabət mühiti yaradırsa, onun bağlanması zərurətdir. Bu, təkcə bir bölmənin bağlanması deyil, təhsildə keyfiyyət, ədalət və strateji yönün təmin olunmasıdır. Azərbaycanın təhsil gələcəyi çoxdilli, texnoloji və beynəlxalq rəqabətə hazır nəsillərin yetişdirilməsi ilə mümkündür. Bu gələcək isə artıq rus bölməsindən keçmir".