"Xəstəxanalarda növbələrin yaranmasında vətəndaşlar da günahkardır”.
Manset.az xəbər verir ki, bu fikri TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov ASAN TV-də yayımlanan “Qəbuldasan” verilişində qonaq olarkən səsləndirib. Onun sözlərinə görə, bu gün tibb müəssisələrinə müraciət edənlərin sayı kəskin artıb:
“Əvvəllər bir tibb müəssisəsinə 200 nəfər müraciət edirdisə, indi bu rəqəm 1500-2000 nəfərə çatıb. Bu da təbii olaraq növbələrin yaranmasına və sıxlığa səbəb olur.”
Vüqar Qurbanov bildirib ki, problemin həlli üçün müxtəlif addımlar atılır. Bunlara elektron növbə sistemləri, onlayn randevu platformaları və vətəndaşın vaxtını effektiv idarə etməsinə şərait yaradan texnoloji yeniliklər daxildir. Lakin onun sözlərinə görə, tətbiq edilən bu sistemlər vətəndaşlar tərəfindən yetərincə istifadə olunmur:
“Yeni Klinikada pilot olaraq tətbiq etdiyimiz onlayn növbə sisteminə vətəndaşlar maraq göstərmir. Təbliğat və təşviqat işləri aparılsa da, çoxları hələ də yerində növbə gözləməyə üstünlük verir.”
Vüqar Qurbanov həmçinin qeyd edib ki, bəzi vətəndaşlar hər gün müxtəlif səbəblərlə tibb müəssisələrinə üz tutur. Bu isə təcili tibbi yardıma ehtiyacı olan şəxslərin xidmət almasına əngəl törədir:
“Vətəndaşlarımız daha məsuliyyətli olmalı, yalnız ehtiyac olduqda tibb müəssisəsinə müraciət etməlidirlər”.