Qadın sürücülər bu qədər maaş alacaq - RƏSMİ AÇIQLAMA

10:24 - 15 İyul 2025

Qadın sürücülər bu qədər maaş alacaq - RƏSMİ AÇIQLAMA

“Qadınların ictimai nəqliyyatda iştirakını təşviq etmək məqsədilə “BakuBus” MMC tərəfindən bir müddət əvvəl elan olunmuş “Qadınları Sükan Arxasına Dəvət edirik!” təşəbbüsü artıq real nəticələr verməkdədir”.


Bu barədə Manset.az-a “BakuBus” MMC-dən bildirilib.

Məlumata görə, artıq vakansiya ilə bağlı 15-dən çox xanım müraciət edib və onlardan 3-ü təlim mərhələsinə başlayıb:

“Xatırladaq ki, bu təşəbbüs “BakuBus” MMC-nin fəaliyyətə başladığı ilk gündən əsas prioritet kimi müəyyən etdiyi xidmət keyfiyyətinin yüksəldilməsi və sərnişin məmnunluğunun təmin olunması yanaşmasının bir hissəsidir. Həmçinin gender bərabərliyinin təşviqi və inklüziv iş mühitinin yaradılmasını öz dəyərlərinin mühüm elementi kimi qəbul edir.

Bu istiqamətdə atılan addımlardan biri olan vakansiya elanı ölkəmizdə qadınların ictimai nəqliyyatda, xüsusilə avtobus sürücüsü kimi təmsilçiliyinin artırılmasına yönəlib. “BakuBus” MMC inanır ki, qadınların bu sahədə iştirakı xidmətin keyfiyyətinə, təhlükəsizlik mədəniyyətinə və sosial inkişafa əhəmiyyətli töhfə verəcəkdir.
Sevindirici haldır ki, artıq bu təşəbbüs 15-dən çox xanım sürücü olmaq üçün müraciət etmişdir. Namizədlər ilkin test yürüş mərhələsindən keçmiş və onlardan 3-ü təlim mərhələsinə başlamışdır”.

Qurumdan bildirilib ki, təlimlər AYNA və “BakuBus” MMC-nin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir:

“Namizədlər sürücülük məktəbində təhsil aldıqdan sonra Dövlət Yol Polisi tərəfindən təşkil olunan nəzəri və praktiki imtahanlarda iştirak edəcəklər. Uğurla imtahan verən şəxslər “D” kateqoriyalı sürücülük vəsiqəsini əldə etdikdən sonra “BakuBus” tərəfindən təşkil olunan xüsusi praktiki proqramla işə hazırlanacaqlar.

Qeyd edək ki, vakansiya üzrə əməkhaqqı 1460 AZN-dir. İşə qəbul olunan sürücülər Bakı şəhəri üzrə bütün marşrut xətləri üzrə 8 saatlıq rəsmi iş rejimində fəaliyyət göstərəcəklər. İş qrafiki qanunvericiliyin tələblərinə uyğun şəkildə tənzimlənəcəkdir. Bütün sürücülər – qadın və ya kişi – Əmək Məcəlləsinə uyğun şəkildə eyni hüquq və öhdəliklərə malikdirlər”.


Seyranə Quliyeva


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az