Azərbaycanda qəhvə niyə bahadır? - AÇIQLAMA

16:38 - 18 İyul 2025

Azərbaycanda qəhvə niyə bahadır? - AÇIQLAMA

İstər kafe və restoranlarda, istərsə də marketlərdə satılan qəhvə məhsullarının qiymətləri sürətlə artır. Bəs bu qiymət artımının arxasında hansı səbəblər dayanır? İdxal rüsumları, brend qiymətləri, yoxsa süni qiymət artımı?


Mövzu ilə bağlı Manset.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, qəhvənin, çayın və yanında mürəbbəsinin 50 manata, 100 manata satılması Azərbaycanda bir növ dəbə çevrilib:

"Lakin bunun əsas səbəbi nə qəhvənin qiymətinin artması, nə də başqa bir amildir. Bu vəziyyətin arxasında duran əsas səbəb ölkəmizdə istehlakçı hüquqlarının pozulması və istehlakçı siyasətinin bu vəziyyətdə  olmasıdır.

İstehlakçı hüquqlarının müdafiəsi ilə bağlı qanun 1995-ci ildə qəbul edilib. O dövrdən bəri həyat dəyişib, bazar dəyişib, amma qanun hələ də köhnə vəziyyətdə qalıb. Bu, təsadüf deyil ki, 2025-ci ilin 3 martında Ombudsmanın Milli Məclisində təqdim etdiyi 101 səhifəlik hesabatda bir kəlmədə də olsa, istehlakçı hüquqları mövzusu yer almadı. Mən həmin çıxışımda tənqid etdim və dedim ki, bir müdir işçisinə arayış verməyəndə insan hüququ pozulmuş olur, amma insanların zəhərlənməsi, ölməsi, maddi zərərlə üzləşməsi kimi hallara heç bir "insan hüququ" olaraq yanaşılmır".

E.Hüseynov bildirib ki, istehlakçı hüquqları göz ardı edilir:

"Hökumət artıq üzünü istehlakçılara çevirməlidir. Qanunun dəyişdirilməsi, təhlillər, ictimai müzakirələr – heç biri həyata keçirilməyib. Nəticədə, insan hüquqlarının və xüsusilə istehlakçı hüquqlarının pozulması davam edir"

Məsələ ilə bağlı fikirlərini bölüşən professor Zahid Məmmədov isə bildirib ki, bunun heç bir iqtisadi əsası yoxdur:

"Sadəcə bizdə son vaxtlar qəhvə içmək bir lüks halına gəlib. Əsasən gənclərin kofeyə olan təlabatının artması qiymət artımına öz təsirini göstərir. Halbuki, kofe elə bir bahalı içki növü deyil, çox ucuz bir içkidir. Qiymətlərin baha olması kofe məkanlarının yerləşdiyi ərazidən də aslı olaraq dəyişir. Mərkəzdə yerləşən məkanlarda verilən kofelər təbii ki, baha olur". 


Seyranə Quliyeva



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az