ABŞ Prezidenti Donald Trampın bu cümə günü Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanı Ağ Evdə qəbul etməsi gözlənilir. Bu barədə ABŞ KİV-lərində məlumat yayılıb. Lakin bu barədə hələ rəsmi təsdiq verilməyib.
Mövzu ilə bağlı Manset.az-a danışan deputat Azər Badamov bildirib ki, 10 iyul Abu Dabidə keçirilmiş ikitərəfli görüşdə tərəflər, ikitərəfli danışıqları və etimad quruculuğu tədbirlərini davam etdirmək barədə razılığa gəliblər:
"Görüşlər, sülh müqaviləsinin imzalanmasına qədər müxtəlif platformalarda müntəzəm şəkildə keçirilməli, həm görülmüş, həm də görülməli məsələlər müzakirə olunmalıdır. Abu Dabi görüşündən sonra Azərbaycan, sülh müqaviləsinin paraflanmasına hazır olduğunu bəyan edib. ABŞ mətbuatında verilən qeyri-rəsmi məlumatlara görə, bu cümə günü Azərbaycan Prezidenti ilə Ermənistan Baş Naziri arasında Ağ Evdə növbəti görüşün keçiriləcəyi gözlənilir".
Deputat qeyd edib ki, Ağ Evdə belə bir görüşün keçirilməsi, Azərbaycan və Ermənistan arasında sülh gündəliyinin irəliləməsi baxımından çox önəmlidir:
"Çünki ABŞ Prezidenti Donald Trump, sülh gündəliyini dəstəklədiyini və sülh müqaviləsinin tezliklə imzalanması üçün dəstək verməyə hazır olduğunu bildirmişdir. Bu baxımdan, Ağ Evdəki növbəti görüşdə Azərbaycan ilə Ermənistan arasında razılaşdırılmış sülh müqaviləsinin paraflanması mümkün ola bilər. Sənədin paraflanması, tərəflərin sülhə sadiq olduqlarını təsdiq edəcək. Lakin, yekun sülh müqaviləsinin imzalanması üçün Ermənistanın icra etməli olduğu iki məsələyə dair mövqeyimiz dəyişilməzdir. Bu məsələlər: Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılması və ATƏT-in Minsk Qrupunun ləğvini tələb edən birgə müraciətin ünvanlanmasıdır. Bu iki məsələ həll edildikdən sonra, iki ölkə arasında yekun sülh müqaviləsinin imzalanması üçün heç bir maneə qalmayacaq.
Azərbaycanla Ermənistan arasında sülhün imzalanması regionda əməkdaşlıq və inkişafın artmasına gətirib çıxaracaq. Eyni zamanda, bu, böyük bir coğrafiya arasında iqtisadi və ticari əlaqələrin genişlənməsi üçün yeni imkanlar yaradacaq".
Seyranə Quliyeva