Deputatlar harada dincəlirlər? - SORĞU

12:13 - 06 Avqust 2025

Deputatlar harada dincəlirlər? - SORĞU

İsti yay günlərində hər kəs dincəlməyə çalışır. Lakin sıravi vətəndaşlardan fərqli olaraq, deputatların istirahəti daim ictimaiyyətin diqqətində olur. Xatırladaq ki, Milli Məclisin növbədənkənar sessiyası artıq başa çatıb və deputatlar 30 avqustadək yay tətilindədir. Bəs görəsən, xalqın seçdiyi nümayəndələr bu tətili harada və necə keçirirlər?


Manset.az deputatların tətili necə keçirəcəyi ilə bağlı sorğu keçirib.

Deputat Arzuxan Əlizadə bildirib ki, yay tətilini tam istirahət saymaq olmaz:


 “Təxminən 10 gün ərzində ölkə daxilində müalicə kursu keçmişəm. Xaricə getmək fikrim yoxdur. Partiyamızın yaxın günlərdə qurultayı keçiriləcək, buna görə də regionlara səfərlər edirik. Son olaraq Şimal bölgəsində olmuşuq, indi isə Gəncəbasar zonasına səfər planlaşdırılır.”


Millət vəkili Aydın Mirzəzadə isə paytaxtda olduğunu və fəaliyyətini davam etdirdiyini bildirib:


“Yay tətilində Bakıda çalışıram. Avqustun 13-də Mingəçevirdə gənclərlə tədbirdə iştirak edəcəyəm və seçici qəbulum olacaq.”


Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov yay tətilində əsasən ölkədə qalmağı planlaşdırır:


“İşlərin çoxluğu səbəbindən tam istirahət mümkün olmayıb. Xaricə getmək planımız yoxdur. Adətən mən istirahətimi Azərbaycanda keçirirəm. Bu dəfə də bir neçə gün rayonlarda dincəlməyi, Cəbrayılda seçicilərlə görüşlər keçirməyi düşünürük.”


Deputat Vüqar İskəndərov da istirahətə hələ vaxt tapmadığını bildirib:


“Hazırda istirahət edə bilməmişəm. Media qurumlarına müsahibələr verirəm, canlı yayımlara qatılıram. Yaxın günlərdə ailəmlə doğulduğum Şəki şəhərində istirahət etməyi planlaşdırıram.”


Parlamentin İnsan hüquqları komitəsinin üzvü Elman Nəsirov isə artıq sanatoriyada istirahət etdiyini deyib:


 “10 gün Qubada, Şahdağ sanatoriyasında müalicə və istirahət etdikdən sonra Bakıya qayıtmışam. Tezliklə Cəlilabada səfər edəcəyəm – həm oradan seçilmişəm, həm də orada doğulmuşam.”


Millət vəkili Azər Allahverənov hələlik istirahətə çıxmadığını söyləyib:


“Hazırda Bakıdayam və gündəlik işimə davam edirəm. Nə bölgələrə, nə də xaricə səfər planım yoxdur.”


Deputat Fariz İsmayılzadə isə bu ayın ortasından sonra istirahət etməyi düşünür:


“Hələlik işləyirəm, amma avqustun 15-dən sonra Lənkəranda istirahət etməyi planlaşdırıram.”


Parlamentin Gənclər və idman komitəsinin üzvü Müşfiq Cəfərov yay istirahətini Gəncə və Göygöldə keçirəcək.



Millət vəkili Aydın Hüseynov tətil üçün doğma kəndini seçib:


“Tətil dövründə əsasən Tovuzun Çatax kəndində olacağam.”


Milli Məclisin deputatı Müşfiq Məmmədli də Qərb bölgəsində və işğaldan azad edilmiş ərazilərdə istirahət etməyi planlaşdırır.



Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Hikmət Babaoğlu isə artıq Şuşada və müxtəlif rayonlarda olub, növbəti səfəri isə Türkiyədir:

“Bir həftə Şuşada istirahət etdim, ardınca azad edilmiş bölgələrimizə səfər etdim. Bir gün isə Gəncəyə gedib-gəldim. Daha sonra Türkiyənin Qars şəhərinə gedəcəyəm – orada yaşayan Qərbi azərbaycanlıların toy mərasimində iştirak edib nikah şahidi olacağam. Bu da mənim üçün qürurverici bir andır.”


Seyranə Quliyeva


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az