"ABŞ Prezidenti tərəfindən Azadlığa Dəstək Aktına 907-ci düzəlişin tətbiqinin dayandırılması barədə imzalanan sərəncam çox mühüm tarixi əhəmiyyətə malik bir hadisədir. Bu addım Azərbaycana münasibətdə 33 il ərzində mövcud olan böyük tarixi ədalətsizliyi aradan qaldırmaqla Azərbaycan-ABŞ münasibətlərində yeni bir tarixi mərhələnin başlanğıcını təşkil edir"
Bunu Manset.az-a açıqlamasında Milli Məclisin deputatı Vasif Qafarov deyib
O bildirib ki, 1990-cı illərin siyasi mühitində qəbul edilmiş 907-ci düzəliş uzun illər ərzində Azərbaycan xalqına qarşı ədalətsiz məhdudiyyətlər yaratdı, iki ölkə arasında qarşılıqlı etimad mühitinə mənfi təsir göstərdi:
"Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Vaşinqton səfəri və ABŞ Prezidenti ilə keçirilən görüş çərçivəsində qəbul edilən bu qərar dövlət başçımızın ədalətin və Azərbaycanın milli maraqlarının təmin edilməsi istiqamətində sərgilədiyi qətiyyətli və prinsipial mövqeyin nəticəsidir. Bu qərar, eyni zamanda, ABŞ tərəfindən Azərbaycanın beynəlxalq hüquq normalarının, regional sabitlik və təhlükəsizliyin təmin olunmasında oynadığı mühüm rola verilən yüksək qiymətin göstəricisidir. Azərbaycan Respublikası həmişə olduğu kimi, bundan sonra da regional və qlobal təhlükəsizliyə, enerji təhlükəsizliyinə və beynəlxalq əməkdaşlığa töhfə verməyə davam edəcəkdir.
907-ci düzəlişin dayandırılması Azərbaycan-ABŞ strateji tərəfdaşlığının güclənməsinə və yeni mərhələyə yüksəlməsinə, iki ölkə arasında siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın daha da genişlənməsinə mühüm töhfə verəcək və yeni imkanlar açacaq. Bu addım, həmçinin, iki ölkə arasında qarşılıqlı hörmət və bərabərhüquqlu münasibətlərə əsaslanan əməkdaşlıq kursunun təsdiqidir".