"ABŞ Prezidenti Donald Trampla Rusiya Federasiyası Prezidenti Vladimir Putin arasında Alyaska görüşü Ağ ev rəhbərinin birbaşa iştirakı ilə keçirilən müharibəyə son qoymaq üçün danışıqların başlanğıcı idi. Prezident Trampın bu müharibəyə son qoymaq kimi bir öhdəliyi olmadığı halda, dünyanın, xüsusən Avropanın ondan gözləntiləri böyükdür. Bu baxımdan da Alyaska görüşündən sonra ilk açıqlamada sülh və ya atəşkəs yönündə hər hansı bir razılığın əldə edilməməsinin elan olunması gözləntiləri boşa çıxardığı üçün tənqid edildi".
Bu sözləri Manset.az-a açıqlamasında deputat Pərvanə Vəliyeva deyib.
O bildirib ki, Trampın dediyi kimi, bu müharibəni o başlatmayıb ki, bitirmək də öhdəliyi olsun:
"Buna baxmayaraq, fikrimcə, bunu “Bayden dövrünün müharibəsi” adlandırmaq Kremlin məsuliyyətini azaldır.
ABŞ Prezidenti öz xalqı, öz dövləti, iqtisadiyyatı üçün çalışmalı olduğu bir vaxtda, öz zamanını, imkanlarını, gücünü Rusiya-Ukrayna müharibəsinin dayandırılması yönündə sərf edir. Təbii ki, Tramp dünyəvi dəyərlərə önəm verir, həmçinin, anlayır ki, bu müharibənin fəsadlarından dolayısı ilə ABŞ da təsirlənir".
Deputat qeyd edib ki, burada önəmli olan Ukrayna və Rusiyanın diplomatik danışıqlarla, masada razılığa gəlməsidir:
"ABŞ ilə razılıq heç nəyi həll etmir, şərtlər qarşılıqlı şəkildə qəbul edilməlidir. Azərbaycanla Ermənistanın Vaşinqtonda paraflanan sülhə nail olması iki ölkənin müharibədən sonra uzun müddət danışıqlar aparması, Azərbaycanın qarşı tərəfi sülhə məcbur etməsi ilə baş tutdu. ABŞ isə buna şahidlik və uğurlu vasitəçilik etdi. Rusiya-Ukrayna müharibəsində də bu kontekts işləməlidir. Artıq ikitərəfli görüş planlaşdırılır.
Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa liderlərinin Ağ Evdə keçirilən tarixi görüşü bir daha onu təsdiq etdi ki, bu müharibə Avropa üçün böyük təhdiddir və burada Rusiyaya hər hansı bir güzəşt Avropanın gələcək təhlükəsizliyini sual altına qoyacaq".