"AQTA kifayət qədər səmərəli işləmir" - Ekspertdən sərt tənqid

16:32 - 22 Avqust 2025

\"AQTA kifayət qədər səmərəli işləmir\" - Ekspertdən sərt tənqid

Son zamanlar Azərbaycanda qida zəhərlənməsi halları artıb. İctimai iaşə müəssisələrində təhlükəsizlik qaydalarına əməl olunmaması, istehsalçı və istehlakçı hüquqlarının yetərincə qorunmaması vəziyyəti daha da gərginləşdirir. Qida Təhlükəsizliyi Agentliyi və digər məsul qurumların fəaliyyətinə baxmayaraq, zəhərlənmələrin qarşısının alınması istiqamətində ciddi problemlər qalmaqdadır. Bir neçə gün əvvəl Şəmkirdə baş vermiş hadisə də bu vəziyyətin ciddiliyini bir daha ortaya qoyur. 20-dən çox şəxs qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Bəs bu kimi problemlərin səbəbi nədir?


Məsələ ilə bağlı Manset.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, qida zəhərlənməsi bütün dünya ölkələrində olduğu kimi, Azərbaycanda da mövcuddur:

“Ən inkişaf etmiş ölkələrdə belə bu problem yaşanır. Təəssüf ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin rəsmi statistikasına baxdıqda, ölkəmizdə zəhərlənmə halları dünya üzrə 1400 dəfə az göstərilir. Bu isə həqiqəti əks etdirmir və yalançı statistika təqdim olunur. Azərbaycanda da bu statistikaya baxıb rahatlanırlar ki, guya bizdə qida zəhərlənməsi yoxdur. Amma gerçəklik tamam fərqlidir”.

Onun sözlərinə görə, bu vəziyyətin kökləri istehsalçı hüquqlarının qorunmaması və istehlakçıların müdafiəsinin lazımi səviyyədə təmin edilməməsindən qaynaqlanır:

“Bu ilin 3 martında Milli Məclisdə Ombudsmanın 101 səhifəlik illik hesabatı dinlənildi. Mən də orada iştirak etdim. Təəssüf ki, hesabatda bir dəfə də olsun istehlakçı hüquqlarına toxunulmadı. Halbuki istehlakçı hüquqları insan hüquqlarının ayrılmaz tərkib hissəsidir. Nə qədər ki, istehlakçı hüquqları insan hüquqları çərçivəsində nəzərdən keçirilməyəcək və qanun yenilənməyəcək, bu hallar davam edəcək".

O bildirib ki, Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyəti vacib olsa da, kifayət qədər effektli deyil:

“Onlar müəssisələri yoxlayırlar, amma istehlakçıların görə biləcəyi rəsmi sənədlər təqdim etmirlər. Məsələn, dönərxanaların divarına asılan kağızlar heç vaxt məhsulun təhlükəsizlik qaydalarına uyğunluğunu göstərmir. İstehlakçı müəssisəyə daxil olanda rəsmi sənədlə tanış ola bilməlidir”.

Birliyin sədri vurğulayıb ki, illər əvvəl at və eşşək ətinin Bakıya daşınması faktını ifşa edilmişdi, lakin bu proses davam etdirilmədi. Onun fikrincə, zəhərlənmələrin səbəbi yalnız ət məhsulları ilə bağlı deyil:

“Toyuq əti də tez xarab olur, mal əti çirklənəndə pis qoxu yayır və göyərir. Mayonez, ketçup kimi qarışıq məhsullar da təhlükə yaradır. Ən əsası, dönər gecəyə qalmamalıdır, çünki hər halda çirklənəcək. Qida Təhlükəsizliyi Agentliyi istehlakçılar üçün sertifikat sistemini tətbiq etməlidir.

İnsanlar hansı müəssisənin nəzarətdə olduğunu bilməlidirlər. Agentliyin səlahiyyətləri genişləndirilməli, operativ yoxlama mexanizmi yaradılmalıdır. Əks halda, qida zəhərlənmələri davam edəcək”.


Seyranə Quliyeva


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az