Sədərək Ticarət Mərkəzində baş verən güclü yanğın nəticəsində bir çox anbar və mağazalar yararsız hala düşüb. Hadisə həm sahibkarlar, həm də ictimaiyyət arasında ciddi narahatlıq yaradıb. Yanğınla bağlı araşdırmalar davam etsə də, insanları bir neçə sual maraqlandırır. Belə halların qarşısını almaq üçün təhlükəsizlik necə təmin edilməlidir? Sahibkarlara dəymiş ziyanı kim ödəyəcək?
Mövzu ilə bağlı təhlükəsizlik eksperti Elmar Nurəliyev və sığorta mütəxəssisi Şahin İsmayılov Manset.az-a danışaraq məsələyə münasibət bildiriblər.
Təhlükəsizlik eksperti Elmar Nurəliyev qeyd edib ki, yanğının yaranma səbəbləri əsasən təhlükəsizlik qaydalarına riayət olunmaması ilə bağlıdır:
“Elektrik təsərrüfatının saz vəziyyətdə saxlanılması, yüksək yanma qabiliyyəti olan malların düzgün şəraitdə yerləşdirilməsi, açıq alovdan istifadə edilməməsi və siqaretin qadağan olunmuş yerlərdə çəkilməməsi çox vacibdir. Bundan başqa, boş otaqlarda elektrik avadanlıqlarının nəzarətsiz buraxılması da qısaqapanmaya və alışmaya səbəb ola bilər. Hər bir obyekt yanğın təhlükəsizliyi avadanlıqları ilə təchiz olunmalı və onlar işlək vəziyyətdə saxlanmalıdır. İşçilərin sayı 15 nəfəri keçdikdə isə mütləq könüllü yanğınsöndürmə dəstələri yaradılmalıdır ki, hadisə zamanı təxliyəni həyata keçirə və müvafiq qurumlara vaxtında məlumat verə bilsinlər.”
Sığorta mütəxəssisi Şahin İsmayılov isə bildirib ki, bu tip yanğınlarda hər dəfə yüzlərlə sahibkar ciddi ziyanla üzləşir:
“İnkişaf etmiş ölkələrdə bu cür hallarda sığorta şirkətləri dərhal dövriyyəyə girir və sahibkarların zərəri ödənilir. Azərbaycanda isə təəssüf ki, belə praktika yoxdur. Səbəb sahibkarların daşınan əmlakının sığorta təminatına daxil olmamasıdır. Hətta sahibkar əmlakını sığortalatmaq istəsə belə, bu, mümkün olmur. Çünki sığorta şirkətləri bu tip obyektlərdə əmlakı qəbul etmir. Bunun əsas səbəbi obyektlərin təhlükəsizlik standartlarına cavab verməməsidir. Mağazalar bir-birinə bitişikdir, arakəsmələr tez alışan materiallardan hazırlanıb, elektrik naqilləri kustar üsulla birləşdirilib. Belə şəraitdə sığorta şirkətləri milyonlarla manatlıq öhdəlik götürməyə razı olmurlar. Problemin həlli yalnız obyektlərin sökülərək, yenidən standartlara uyğun şəkildə tikilməsindən keçir. Ancaq yaxın zamanda bu reallığa çevriləcəyi inandırıcı görünmür.”
Onun sözlərinə görə, nəticədə sahibkarlar hər dəfə ziyanla üzləşirlər və artıq dövlət də kompensasiya vermir: “Belə hallarda zərəri yenə də kiçik bizneslə məşğul olan sahibkarlar çəkir.”
Seyranə Quliyeva