ŞƏT forumunda Zəngəzur dəhlizi mesajı

13:40 - 03 Sentyabr 2025

ŞƏT forumunda Zəngəzur dəhlizi mesajı

Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasında keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının forumundakı  toxunduğu ən mühüm məsələlərdən biri Zəngəzur dəhlizi ilə bağlı idi. İlham Əliyev çıxışında Zəngəzur dəhlizinin region üçün strateji əhəmiyyətindən bəhs edib və onun “Orta Dəhliz”in vacib seqmentinə çevrilmək potensialını xüsusi olaraq vurğulayıb.


Bunu Manset.az-a açıqlamasında deputat Hikmət Babaoğlu deyib:

“Cənab Prezident qeyd etdi ki, son illərdə Orta Dəhliz vasitəsilə daşınan yüklərin həcmi 90 faiz artıb. Bu, artıq mövcud və effektiv nəqliyyat marşrutlarının dəyişdiyini və Azərbaycanın bu mənada önə çıxdığını göstərir. Bu gün regionda ən təhlükəsiz, qısa və iqtisadi baxımdan səmərəli yol Azərbaycan üzərindən keçən Orta Dəhlizdir.”

Hikmət Babaoğlu əlavə edib ki, Prezident İlham Əliyev daha əvvəlki çıxışlarında da Zəngəzur dəhlizinin təkcə regional deyil, qlobal əhəmiyyət daşıdığını bildirib:

“Zəngəzur dəhlizi gələcəkdə təkcə Şərq-Qərb deyil, həm də Şimal-Cənub dəhlizlərinin mühüm bir seqmentinə çevrilə bilər. Bu dəhlizdə bu potensial mövcuddur. Sadəcə, onun reallaşması üçün müəyyən zaman və siyasi iradə lazımdır. Amma mövcud geosiyasi və iqtisadi şərtlər fonunda bu reallığa çevrilə bilər.”

Deputat bildirib ki, nəzərdə tutulan Şimal-Cənub dəhlizi üzrə alternativ marşrutlarda bəzən 150 kilometrdən çox yeni yolun çəkilməsi tələb olunur:

“Bu isə marşrutu həm maliyyə baxımından, həm də vaxt baxımından qeyri-səmərəli edir. Halbuki Zəngəzur dəhlizində cəmi 40 kilometr yolun inşası ilə bu dəhlizi aktivləşdirmək mümkündür. Bu isə həm daha az məsrəf, həm də daha qısa müddət deməkdir.”

Deputat vurğulayıb ki, Prezidentin çıxışında Şanxay Əməkdaşlıq Təşkilatının mahiyyəti də yüksək qiymətləndirilib:

“Cənab Prezident Şanxay Əməkdaşlıq Təşkilatını siyasi ambisiyalardan uzaq, liberal iqtisadi münasibətlərə və qarşılıqlı maraqlara əsaslanan bir platforma kimi xarakterizə etdi. Bu təşkilatın daxilində ‘Şanxay ruhu’ deyilən bir anlayış var. Bu anlayış həm Çinin ən inkişaf etmiş şəhərlərindən biri olan Şanxayın mədəni və iqtisadi rolu ilə, həm də bu şəhərin qlobal ticarət və logistik mərkəz kimi funksiyası ilə bağlıdır. Azərbaycan da bu ruhun tərkib hissəsi olaraq mühüm logistik rol oynaya bilər.”


Seyranə Quliyeva


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az