Tələbə olan nənənin pensiyası kəsiləcək? - RƏSMİ

09:20 - 26 Sentyabr 2025

Tələbə olan nənənin pensiyası kəsiləcək? - RƏSMİ

Xəbər verdiyimiz kimi, Azərbaycanda 78 yaşlı qadın tələbə adını qazanıb. Belə ki, 78 yaşlı Hicrət Yusifova Ordubad Peşə Liseyinə qəbul olunub. O, “Xalçaçı” ixtisası üzrə təhsil alacaq. Sözügedən qadın artıq yaşa görə təqaüd də alır. Bunu nəzərə alsaq, belə bir sual yaranır. 78 yaşlı tələbə qadın təhsil müəssisəsi tərəfindən tələbələr üçün nəzərdə tutulmuş təqaüddən yararlana biləcəkmi? Bu iki təqaüd növü bir birini məhdudlaşdırır?


Manset.az mövzu ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna sorğu ünvanlayıb. Suala cavab olaraq qurumdan bildirilib ki, qadının yaşa görə təqaüdü hazırda verilməyə davam edir və onun tələbə adını qazanması bu təqaüdü alması hüququnu məhdudlaşdırmır:

“Sözügedən qadın hazırda da pensiya alır. Onun təhsil müəssisəsinə qəbul olması bunu dəyişmir. Tələbə təqaüdünü alması isə bizimlə əlaqəli məsələ deyil. Xanımın tələbə təqaüdü alması ilə bağlı bizim tərəfimizdən hansısa məhdudiyyətin qoyulmasından söhbət gedə bilməz”.

78 yaşlı tələbənin tələbə təqaüdü əldə etməsi ilə bağlı isə Elm və təhsil nazirliyindən verilən məlumatda qeyd olunub ki, təhsil müəssisələrində təhsilalanların fəaliyyətini stimullaşdırmaq məqsədilə onlara qanunvericiliklə müəyyən edilmiş qaydada təqaüdlər verilir və tələbələrə dövlət qayğısını artırmaq və onların sosial müdafiəsini daha da gücləndirmək məqsədilə bu təqaüdlər əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində icra edilən tədbirlər çərçivəsində mütəmadi olaraq artırılmaqdadır.

"Azərbaycan Respublikasının elmi müəssisə və təşkilatlarında, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində əyani təhsilalma forması üzrə təhsil alan Azərbaycan Respublikasının vətəndaşlarına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 38 nömrəli qərarı ilə təsdiq edilmiş “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”na (bundan sonra - Qayda) uyğun olaraq təqaüdlər təyin olunur və bu Qaydaya uyğun olaraq ödənilir.

Sorğuda qeyd olunan təhsil pilləsi ilə bağlı bildiririk ki, yuxarıda qeyd olunan Qaydaya əsasən əyani təhsilalma forması üzrə təhsil alan tələbələrə təqaüd tədrisin birinci semestri üçün attestat qiymətlərinin orta göstəricisi və ya buraxılış imtahanında əldə etdikləri nəticələrə əsasən, digər semestrlərdə isə onların aralıq qiymətləndirmə (yarımil) nəticələrinə görə təyin olunur və ödənilir.

Əlavə olaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzulan ilə yalnız bir pensiya təyin edilir".

Qurumdan verilən məlumatda vurğulanıb ki, qüvvədə olan qanunvericiliyə əsasən müxtəlif növ pensiya və ya müavinət almaq hüququ olan şəxslərə qeyd olunan Qayda ilə təyin olunan və ödənilən təqaüdlərin dayandırılması nəzərdə tutulmamışdır.

 

Fidan Vəlisoy 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az