Azərbaycana yeni hərbi prokuror təyin edildikdən sonra bu qurumda çalışmış yüksək vəzifəli şəxslər yola salınır və ya yeni təyinatlar həyata keçirilir. Bir neçə gün bundan əvvəl Gununsesi.info saytı Hərbi Prokurorun birinci müavini, general-mayor Şəfahət İmranovun vəzifəsindən azad olunacağı ilə bağlı xəbər yayıb.
Manset.az Hərbi Prokurorun birinci müavini, general-mayor Şəfahət İmranovla əlaqə saxlayıb. Ş.İmranov ona ünvanlanan suallara cavab vermək əvəzinə, sərt ifadələr işlədib:
"Siz kimsiniz ki, mənə zəng etmisiniz? Vəzifəyə nə vaxt təyin olunub, nə vaxt azad olunacağımla bağlı mənə ağıl öyrətməyin. Nə deyə bilərəm, nə deyə bilmərəm özüm bilərəm. İşinizlə məşğul olun" - deyə general bildirib.
Manşet.az Şəfahət İmranovun diqqətinə çatdırmağı özünə borc bilir.
Biz, xəbər portalı olaraq, Azərbaycan Respublikasında media haqqında qanunu rəhbər tutaraq fəaliyyət göstəririk. Görünən odur ki, general rütbəsi daşıyan və Hərbi Prokurorun birinci müavini kimi ciddi, məsuliyyətli vəzifə sahibi olan Şəfahət İmranov öz vəzifələrini bilmir. Biz jurnalist olaraq öz vəzifəmizi yerinə yetiririk. Yayılan xəbərlə bağlı Ş. İmranova ünvanladığımız suala Manşet.az saytının baş redaktoruna sərt reaksiyası bizdə böyük təəssüf hissi doğurur.
General Şəfahət İmranovdan Azərbaycanın media haqqında qanununa nəzər yetirməsini və bu qanunlara hörmətlə yanaşmasını xahiş edirik.
Manşet.az