“Minimum əmək haqqı və minimum təqaüd yanvarın 1-dən artmayacaq”.
Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli Manset.az-a açıqlamasında deyib. O bildirib ki, 2025-ci ilin yanvarın 1-dən etibarən minimum əmək haqqı və minimum təqaüd artmayacaq. Onun sözlərinə görə, bu qərar 2025-ci il üçün nəzərdə tutulan dövlət büdcəsində əksini tapmayıb və hazırda bu sahələrdə artım gözlənilmir.

"Hazırda büdcədə minimum əmək haqqı və təqaüdün artması nəzərdə tutulmayıb. Yanvarın 1-dən etibarən bu sahələrdə artım gözlənilmir. Amma gələn il ərzində hər hansı bir dəyişiklik ola bilər. Bu yalnız Prezidentin fərmanı və ya Nazirlər Kabinetinin təqdimatı ilə həyata keçirilə bilər" – deyə Natiq Cəfərli əlavə edib.
Ekspertin sözlərinə görə, sosial ödənişlərdə heç bir artımın olmaması, sosial müavinətlərin məbləğinin də eyni şəkildə qalması ehtimalını artırır. Belə ki, müharibə veteranları və qazilər üçün müəyyən edilmiş 80 manat müavinətin artırılması ilə bağlı da yaxın zamanda heç bir işarə yoxdur.
“Dəqiq bilinən budur ki, Təqaüd fondunun yığım hissəsində rəsmi inflyasiya qədər indeksləşmə ola bilər. Söhbət sadəcə orada yığılan vəsaitdən gedir. Bu da təqribən 5,8-6 faizə yaxın indeksləşmə deməkdir”.
Ekspertin fikrincə, bu indeksləşmə sadəcə fonda yığılan vəsaitin təyinatına təsir edəcək, yəni sosial ödənişlərin nominal qiymətində heç bir dəyişiklik baş verməyəcək. Beləliklə, real alım gücü inflyasiya ilə eyni səviyyəyə yüksələcək, amma maaşlarda və təqaüdlərdə görünən bir artım olmayacaq.
Fidan Vəlisoy