Necə olur xaricdən maliyyələşənlər müstəqil olur? - Öz dövlətinin çörəyini yeyib, suyunu içənlər qeyri-müstəqil?

09:00 - 24 Fevral 2026

Necə olur xaricdən maliyyələşənlər müstəqil olur? - Öz dövlətinin çörəyini yeyib, suyunu içənlər qeyri-müstəqil?

“Siz müstəqil deyilsiniz?” – hazırda maliyyə mənbələri naməlum olan və xarici ölkələrdə fəaliyyət göstərən bəzi Azərbaycan­dilli Yutub KİV-ləri yerli media mənsublarına qarşı tez-tez belə ittihamlar irəli sürür.


Amma əsl müstəqillik nədir və o, hansı kriteriyalarla ölçülür? Bəzi hallarda onların bundan heç xəbəri belə olmur. Kim milli maraqları qoruyur, başda Prezident olmaqla dövlət atributlarına sayğı ilə yanaşırsa, deməli, “müstəqil” deyilmiş... Amma kim söyüş və təhqirlə çoxlu “baxış” yığır, istədiyini yazmaqla “populyarlaşırsa”, sən demə, onlar "müstəqil" imiş.

Bəs görəsən, uzun illər Azərbaycanda vicdanla fəaliyyət göstərən, bütün həyatını bu sahəyə həsr edən yerli peşəkarlarımızın fədakarlığı necə olsun? Məgər onlar əsl media prinsipləri ilə çalışmır, yeri gələndə təhqirsiz və söyüşsüz şəkildə cəmiyyətdə olan neqativ halları tənqid etmirlərmi?

Elə Manset.az xəbər portalının arxivini araşdırsalar, nazirlər, komitə rəhbərləri, generallar, icra başçıları və yüksək vəzifəli şəxslərlə bağlı ciddi tənqidi yazıların getdiyinin şahidi olarlar. Bundan əlavə, lazım olduğu anda dövlətin ən yüksək ranqlı məmurlarına zəng edərək istənilən kəskin sualı verə bilirik. 

Bu gün Azərbaycanda media kifayət qədər müstəqildir...


Qısa müddət ərzində baş redaktor kimi birbaşa telefon zəngi edərək açıqlama aldığımız dövlət məmurları:

Əgər Azərbaycan mediası müstəqil deyilsə, mənim və mənim kimi digər həmkarlarım necə belə yüksək ranqlı məmurlara zəng edərək istənilən açıqlamanı ala bilir, hadisələrə münasibət öyrənə bilir...

Müstəqil, azad olmaq kiminsə ailə üzvlərini təhqir etməkdirmi? Sizcə, xarici ölkələrdə mənzillənib, anti-Azərbaycan dairələrin, düşmən mövqedə olan lobbi qruplaşmalarının, təşkilatların və dövlətlərin pulları və qrantları ilə maliyyələşənlər həqiqətən müstəqil və azad ola bilərlərmi?

Dünya təcrübəsi göstərir ki, bu, sadəcə, mümkünsüzdür. Necə ola bilər ki, xarici dövlətlərin və ya lobbilərin pulları ilə maliyyələşənlər müstəqil olur? Bu torpaqlarda böyüyən, bu torpaqların çörəyini yeyən, suyunu içən və dövlətinin maraqlarını qoruyan media müstəqil olmur?

Qlobal media şirkətləri böyük holdinqlərin özəl mülkiyyətidir və sahiblərinin iqtisadi və siyasi maraqlarını qorumaq üçün təsis olunur. Günümüzün acı reallığı budur. İndi “müstəqil” və “qeyri-müstəqil” ittihamları da, təəssüf ki, siyasi mübarizə alətinə çevrilib. Alətə çevrilən media isə müstəqil ola bilməz.

Özlərini “azad” kimi qələmə verənlərin çoxu siyasi bloqerlərdir. Onlar “siyasi mühacir” statuslarını bir qədər də möhkəmləndirmək üçün ölkələrinə qarşı “barıtı bir az da çox” edirlər, söyüşlərə görə deyil, guya “siyasi baxışlarına” görə təqib olunduqları görüntüsünü yaratmağa çalışırlar.


Özünü “müstəqil” elan edən bu ünsürlər Vətən müharibəsi zamanı milli birlik nümayiş etdirmək, Azərbaycan ordusuna dəstək göstərmək əvəzinə neqativ materiallar yayımlayırdılar. Budur müstəqil media? Budur xalqı və milləti “sevmək”? Budur vətənə bağlılıq?

Belələri əksər hallarda oturduqları və ya qonşu ölkələrin xüsusi xidmət orqanlarının diqqət mərkəzində olurlar. Xüsusilə də Azərbaycana qarşı təzyiqlərin artırılmasına ehtiyac yarananda bu “maşınlar” işə düşür, onlara kənardan “faktlar” ötürülür.İndi hər şeyin alınıb-satıldığı nimdaş Avropada və Amerikada heç kim heç kimə elə-belə pul vermir. Əgər verirsə, deməli, təmənnası var.


Son günlər Azərbaycana və onun mühüm şəxslərinə qarşı artan kiberhücumların arxasında da həmin ölkələrin Azərbaycanda baş tutmayan geosiyasi planlarının uğursuzluğu dayanır. İşin kökü sadəcə budur.

 
Əli Vəliyev

Manset.az xəbər portalının baş redaktoru




Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az