Son illər beynəlxalq münasibətlər sisteminin dərin və çoxşaxəli transformasiya mərhələsinə qədəm qoyduğu müşahidə olunur.
Rusiya–Ukrayna müharibəsi ilə başlayan genişmiqyaslı hərbi əməliyyatlar, Yaxın Şərqdə artan gərginlik, İran ətrafında baş verənlər, eləcə də son günlər Pakistan ilə Əfqanıstan arasında qeydə alınan toqquşmalar, nəticədə enerji bazarlarında qiymətlərin “od tutub yanması”, hər yerdə dini və etnik qarşıdurmalar qlobal təhlükəsizlik sisteminin, dünyəvi dəyərlərin artıq çökdüyündən xəbər verir. Bu cür mürəkkəb və qeyri-müəyyən geosiyasi fon qarşısında bir zamanlar “barıt çəlləyini” xatırladan müasir Azərbaycandakı təhlükəsizlik, dini və etnik tolerantlıq, ölkənin bir növ “sabitlik adası”nı xatırlatması diqqətçəkən və ciddi təhlillərə ehtiyac yaradan fenomenal haldır. Bu sabitliyin əsasını təsadüfi amillər deyil, uzun illər ərzində formalaşdırılmış strateji siyasi xətt təşkil edir.
Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən milli maraqlara əsaslanmış, çoxvektorlu xarici siyasət kursu Azərbaycanın beynəlxalq sistemdə mövqeyini müəyyən edən əsas sütunlardan biridir. Bu siyasətin mahiyyəti hər hansı geosiyasi blokun tərkib hissəsinə çevrilmək deyil, əksinə müxtəlif güc mərkəzləri ilə paralel və praqmatik münasibətlər qurmaqdan ibarətdir.

Azərbaycan həm Rusiya, həm Türkiyə, həm də ABŞ ilə işlək və balanslaşdırılmış əlaqələr saxlayaraq mümkün qarşıdurmalardan yayınmağı uğurla bacarır. Eyni zamanda İran ilə münasibətlərdə ehtiyatlı və ölçülü yanaşma nümayiş etdirilməsi, həmçinin də Ermənistanla real nəticələrə hesablanan sülh gündəliyinin reallaşdırılması regionda əlavə risklərin minimallaşdırılmasına xidmət edir. Azərbaycanın geosiyasi əhəmiyyətinin artmasında enerji və nəqliyyat faktorları da mühüm rol oynayır. Xəzər hövzəsinin enerji resurslarının beynəlxalq bazarlara, xüsusilə Avropaya çatdırılmasında ölkənin oynadığı rol onu qlobal enerji təhlükəsizliyinin vacib elementlərindən birinə çevirir. Bununla yanaşı, Şərq-Qərb nəqliyyat dəhlizləri üzərində yerləşməsi Azərbaycanı regional logistika mərkəzi etməklə onun sabitliyinə beynəlxalq marağı da artırmış olur. Bu mənada Prezident İlham Əliyevin çevik enerji və loqistika siyasəti sayəsində Azərbaycanın daxili sabitliyi yalnız milli prioritet deyil, eyni zamanda bir sıra xarici aktorların da maraqları ilə üst-üstə düşür.

Daxili təhlükəsizlik, vətəndaş-dövlət birliyi də bu sabitliyin qorunmasında mühüm əhəmiyyət daşıyır. Dövlət institutlarının mərkəzləşdirilmiş və koordinasiyalı fəaliyyəti, sərhəd təhlükəsizliyinin gücləndirilməsi və regional risklərin qabaqlayıcı şəkildə vaxtında qiymətləndirilməsi Azərbaycanın yaxın ətrafında baş verən qeyri-sabitlikdən birbaşa təsirlənməsinin qarşısını müəyyən qədər alır. Bu isə ölkənin daxili sabitlik modelini daha da dayanıqlı edir.
Eyni zamanda, Azərbaycan tədricən yalnız sabitlik qoruyan deyil, həm də humanitar və tranzit funksiyalar yerinə yetirən etibarlı aktora çevrilir. Münaqişə zonalarından evakuasiya proseslərinə dəstək verilməsi, hava məkanının beynəlxalq tranzit üçün açıq saxlanması və etibarlı tərəfdaş imicinin formalaşdırılması ölkənin regional rolunu genişləndirir. Bu, Azərbaycanın beynəlxalq sistemdə passiv müşahidəçi deyil, müəyyən hallarda konstruktiv iştirakçı, təhlükəsiz çıxış dəhlizi kimi də çıxış etdiyini göstərir. Bütün bu faktorların fonunda Azərbaycanın hazırkı uğurunun əsas səbəblərindən biri də regional reallıqları düzgün oxumaq və qərarları emosional deyil, praqmatik əsaslarla qəbul etmək bacarığıdır. Qonşu ölkələrdə baş verən proseslərin potensial təsirlərinin əvvəlcədən qiymətləndirilməsi, böyük güclər arasında rəqabətin lokal nəticələrinin hesablanması və daxili sabitliyin prioritet kimi qorunması bu yanaşmanın əsas elementləridir.

Fikirlərimizi yekunlaşdırsaq belə qənaətə gələ bilərik ki, mövcud qlobal geosiyasi turbulentlik şəraitində Azərbaycanın “sabitlik adası” kimi meydana çıxması bir neçə amilin — balanslaşdırılmış diplomatiya, çevik enerji və loqistika strategiyası, güclü lider, siyasi iradə və ehtiyatlı təhlükəsizlik siyasətinin — sinerjisindən qaynaqlanır. Bununla belə, bu sabitlik tam izolyasiya anlamına gəlmir. Azərbaycan da qlobal proseslərin bir hissəsidir və xarici risklər, regional gərginliklər, eləcə də dəyişən geosiyasi reallıqlar fonunda bu sabitliyin qorunması davamlı çeviklik və strateji uzaqgörənlik tələb edir. Bu baxımdan, Azərbaycan modeli daha çox idarə edilən və inkişafda olan sabitlik kimi xarakterizə oluna bilər ki, bu da daim yenilənən canlı bir prosesi xatırladır. Hazırkı narahat dünyada sabitlik adası və sülh carçısı olan müasir Azərbaycanın uğur formulasının əsas sirləri də məhz bunlardan ibarətdir.
QAFQAZ CƏNUBLU