Şuşada keçirilən IV Qlobal Media Forumunu təkcə media nümayəndələrinin fikir mübadiləsi apardığı beynəlxalq platforma kimi deyil, həm də dünyanın diqqətinin yenidən Azərbaycana yönəldən mühüm siyasi hadisə kimi də dəyərləndirmək olar. Forumun ən çox maraq doğuran hissəsi isə Prezident İlham Əliyevin müxtəlif ölkələrdən gəlmiş jurnalistlərlə bir neçə saat davam edən açıq və səmimi dialoqu oldu. Fərqli media orqanlarını və müxtəlif siyasi baxışları təmsil edən jurnalistlərin ünvanladıqları sualların coğrafiyası da, məzmunu da kifayət qədər geniş idi.
Rusiya-Ukrayna müharibəsindən başlayaraq ABŞ-İran qarşıdurmasına, Rusiya - Azərbaycan və ABŞ -Azərbaycan münasibətlərinə, Cənubi Qafqazda sülh prosesindən qlobal təhlükəsizlik məsələlərinə qədər ən həssas mövzular müzakirə olundu. Diqqət çəkən əsas məqam isə Prezidentin yenə də heç bir sualdan yayınmaması, bütün məsələlərə açıq, ardıcıl və məntiqi yanaşma nümayiş etdirməsi idi. Bu üslub əslində yeni deyil. Prezident İlham Əliyev xüsusilə Vətən müharibəsi dövründə dünyanın aparıcı televiziya kanallarına və informasiya agentliklərinə bir neçə dildə verdiyi müsahibələrlə artıq belə bir beynəlxalq siyasi kommunikasiya məktəbi formalaşdırmışdı.

O zaman da dünyanın ən nüfuzlu media qurumlarının jurnalistləri bəzən kifayət qədər birtərəfli, hətta qərəzli suallar belə ünvanlayırdılar. Lakin cavablar emosiyalara deyil, faktlara, tarixi həqiqətlərə və beynəlxalq hüququn prinsiplərinə əsaslanırdı. Həmin müsahibələr təkcə informasiya müharibəsinin gedişində Azərbaycanın mövqeyini dünyaya çatdırmadı, eyni zamanda Prezidentin mürəkkəb mövzuları sadə, anlaşılan dillə izah etmək bacarığını da nümayiş etdirirdi. Şuşadakı 4-cü forumda da eyni yanaşmanın davam etdiyini görmək mümkün idi. Müasir dövrdə siyasi liderlərin informasiya məkanındakı davranışları ən azı qəbul etdikləri qərarlar qədər əhəmiyyət daşıyır. Axı informasiya müharibələrinin, saxta xəbərlərin və manipulyativ yanaşmaların geniş yayıldığı bir şəraitdə dövlət başçısının beynəlxalq media qarşısında saatlarla açıq dialoq aparması, istənilən sualı cavablandırmağa hazır olması özü-özlüyündə həm də siyasi mesaj xarakteri daşıyır. Bu, öz mövqeyinə inamın, arqumentlərinə güvənin və beynəlxalq auditoriya ilə birbaşa ünsiyyətə üstünlük verməyin nəticəsidir. Forum zamanı Rusiya-Ukrayna müharibəsi ilə bağlı səsləndirilən fikirlər xüsusilə diqqət mərkəzində idi.

Bu gün dünyanın ən mürəkkəb geosiyasi böhranlarından biri hesab olunan həmin münaqişə ilə bağlı verilən cavablarda Azərbaycanın baxışlarının əsasını yenə də beynəlxalq hüquq və insani yanaşma təşkil edirdi. Çünki dövlətlərin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq hüququn norma və prinsiplərinə hörmət, dinc insanların, mülki infrastrukturun toxunulmazlığı Azərbaycanın xarici siyasətinin dəyişməyən əsas xətlərindən biri olaraq qalır. Bu mövqe təsadüfi deyil. Uzun illər öz ərazilərinin işğalı ilə üzləşmiş Azərbaycan üçün beynəlxalq hüququn prinsipləri sadəcə nəzəri anlayış deyil, milli maraqların müdafiəsinin praktik tərəfidir. Elə buna görə də Prezidentin bu məsələdə hüquqi arqumentlərə söykənən baxışları forum iştirakçıları tərəfindən diqqətlə izlənildi.

ABŞ-Azərbaycan münasibətlərinə dair suallar da maraq doğuran məqamlardan idi. Prezident münasibətlərin müxtəlif mərhələlərini təhlil edərək əməkdaşlıq üçün mövcud imkanları qeyd etdi, eyni zamanda fikir ayrılıqlarını və mövcud problemləri də gizlətmədi. Diplomatik münasibətlərdə tənqidi məqamların açıq ifadə olunması ilə qarşılıqlı maraqların qorunması arasında tarazlığın saxlanılması cavabların əsas xüsusiyyətlərindən biri idi. Bu isə onu göstərirdi ki, Azərbaycan xarici siyasətdə tərəfdaşlarla münasibətləri qarşılıqlı hörmət və milli maraqlar əsasında qurmağa çalışır. Prezidentin çıxışında diqqət çəkən başqa bir məqamsa mürəkkəb geosiyasi prosesləri sadə və anlaşılan formada izah etməsi idi. Bu, həm jurnalistlərin əlavə suallarına aydınlıq gətirir, həm də çıxışı izləyən geniş auditoriyanın mövzuları daha rahat qavramasına imkan yaradırdı. Cavablar əvvəlcədən hazırlanmış şablonlar deyil, daha çox məntiqi ardıcıllığa, faktlara və təhlilə, eləcə də adi insani hisslərə söykənirdi. Məhz buna görə də müxtəlif ölkələrdən gələn jurnalistlərin bir çoxu dialoqdan sonra Prezidentin açıq ünsiyyət tərzini və suallara səmimi münasibətini xüsusi qeyd edirdi.

Əslində, son illərdə formalaşan bu üslub Azərbaycanın beynəlxalq informasiya siyasətinin mühüm elementlərindən birinə çevrilib. Əgər İkinci Qarabağ müharibəsi dövründə bu kommunikasiya modeli informasiya cəbhəsində Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına xidmət edirdisə, bu gün həmin yanaşma dəyişən geosiyasi reallıqlar fonunda ölkənin mövqeyini izah edən mühüm diplomatik alət rolunu oynayır. Şuşa artıq çoxdandır təkcə Azərbaycanın mədəniyyət paytaxtı deyil, həm də mühüm beynəlxalq dialoq məkanına çevrilib. Burada keçirilən Qlobal Media Forumu göstərir ki, media ilə açıq ünsiyyət müasir diplomatiyanın ayrılmaz hissəsidir. Prezident İlham Əliyevin saatlarla davam edən sual-cavab formatındakı səmimi ünsiyyəti, faktlara söykənən arqumentasiya və həssas mövzulara açıq insani münasibəti isə bu platformanın əhəmiyyətini daha da artırır.

Bu, yalnız Azərbaycanın mövqeyinin beynəlxalq auditoriyaya çatdırılması deyil, həm də mürəkkəb geosiyasi şəraitdə siyasi liderin ictimai diplomatiya vasitəsilə dövlətinin, xalqının maraqlarını necə müdafiə edə bildiyini göstərən növbəti nümunə kimi də yadda qalacaq.
QAFQAZ CƏNUBLU