“Azərbaycan mədəni irsinin qorunmasına, onun gələcək nəsillərə ötürülməsinə, mədəniyyətlərarası dialoqun və regional anlaşmanın təşviqinə sadiqdir. “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası bu sahədə uzunmüddətli hədəfləri müəyyən edir. Muzeylər və tarixi irs məkanları yalnız keçmişimizi anlatmamalı, həm də qarşılıqlı anlaşmanı təşviq etməli və daha inklüziv dünyanın qurulmasına ilham verməlidir”.
Manset.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən panel müzakirələri zamanı səsləndirib.
O bildirib ki, “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası mədəni irsin qorunması və bərpasını, rəqəmsal innovasiyaların tətbiqini, beynəlxalq mədəni əməkdaşlığın gücləndirilməsini, eləcə də irsin davamlı idarə olunmasını nəzərdə tutur. Sənəd, həmçinin Azərbaycanın beynəlxalq müstəvidə mədəni mövcudluğunun gücləndirilməsinə xidmət edir.
Səbinə Hacıyeva bugünkü müzakirələrin dəyərli fikirlərin, praktiki tövsiyələrin və yeni əməkdaşlıq imkanlarının ortaya çıxmasına töhfə verəcəyinə ümidvar olduğunu bildirib.
Fidan Vəlisoy