Satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmində tətbiq edilən yeni məhdudiyyətlər vətəndaşların mənzil əldə etmək imkanlarına təsir göstərə bilər. Müqavilə öhdəliklərinin başqa şəxsə ötürülməsi üçün üçillik, mexanizmdən təkrar istifadə üçün isə beşillik müddətin müəyyənləşdirilməsi müzakirələrə səbəb olub. Qaydalar sərtləşdirilərkən yalnız maliyyə riskləri deyil, vətəndaşların sosial-iqtisadi vəziyyəti də nəzərə alınmalıdır.
Manset.az xəbər verir ki, beynəlxalq idarəetmə standartları üzrə mütəxəssis Asif İbrahimov mövzu ilə bağlı açıqlamasında bildirib ki, kirayə mənzil mexanizmində qaydaların sərtləşdirilməsi ölkədə mənzil problemini həll etməyəcək.Onun sözlərinə görə, 1 oktyabr 2026-cı ildən tətbiq olunan dəyişikliklərə əsasən, kirayəçinin müqavilə üzrə öhdəliyini başqa şəxsə ötürməsi üçün üçillik müddət müəyyən edilib. Öhdəliyini ötürən şəxsin mexanizmdən təkrar istifadə etməsi üçün isə beş il gözləməsi nəzərdə tutulub. Bundan əlavə, aktiv ipoteka krediti olan şəxslərin müraciət imkanları məhdudlaşdırılıb və mexanizmdən yararlanmaq üçün müsbət kredit tarixçəsi tələbi müəyyənləşdirilib. Ekspert bəzi məhdudiyyətlərin maliyyə risklərinin qiymətləndirilməsi baxımından əsaslı olduğunu desə də, onların vətəndaşların sosial vəziyyətinə təsirinin də nəzərə alınmalı olduğunu vurğulayıb:
“Yalnız İpoteka və Kredit Zəmanət Fondunun saytına daxil olduqda görürük ki, bu günədək yaradılan şəraitdən cəmi 53-54 min insan istifadə edib. Bu da ümumi Azərbaycan əhalisinin heç bir faizini təşkil etmir. Deməli, biz haradasa nəyisə səhv edirik. Bu dəyişikliklərin hansı zərurətdən irəli gəldiyi və vətəndaşların mənzil probleminin həllinə necə təsir göstərəcəyi ayrıca müzakirə olunmalıdır. Fond bu addımları mexanizmin əlçatanlığının artırılması, şəffaflığın gücləndirilməsi və sui-istifadə hallarının qarşısının alınması ilə əsaslandırır. Ancaq qaydalar sərtləşdirilərkən onların sosial-iqtisadi nəticələri də qiymətləndirilməlidir.
Vətəndaşın gəlirini itirməsi, iş yerini dəyişməsi, ailə tərkibinin genişlənməsi və ya başqa şəhərə köçməsi kimi hallar da nəzərə alınmalıdır. Məsələn, vətəndaş bu gün sabit gəlirə malik olduğu üçün mənzil götürür, lakin iki il sonra işini itirir və ya ailə vəziyyəti dəyişir. Yeni qaydalar çərçivəsində onun müqavilə üzrə öhdəliklərini başqa şəxsə ötürmək imkanı üçillik müddətlə məhdudlaşdırılır. Belə vəziyyətdə vətəndaşın maliyyə riskləri artır. Obyektiv səbəblərdən ödəniş imkanını itirən şəxslər üçün çevik həll mexanizmlərinin olması olduqca vacibdir.
Öhdəliyi başqa şəxsə ötürmüş vətəndaşın beş il ərzində yenidən bu mexanizmdən istifadə edə bilməməsi də suallar doğurur. Şəxsin mənzil öhdəliyindən imtina etdikdən sonra sosial və iqtisadi vəziyyəti dəyişə bilər. Beşillik məhdudiyyətin bütün hallarda eyni qaydada tətbiqi mənzilə ehtiyacı davam edən ailələr üçün müəyyən maneələr yarada bilər”.
Asif İbrahimov kredit tarixçəsinə dair tələblərin də fərdi qaydada qiymətləndirilməsinin vacibliyini qeyd edib:
“Əvvəlki dövrlərdə ödəniş gecikmələri yaşamış, lakin hazırda sabit iş yeri və kifayət qədər gəliri olan şəxslərin imkanlarının məhdudlaşdırılması sosial baxımdan arzuolunan deyil. Kredit tarixçəsi qiymətləndirilərkən gecikmələrin səbəbi, müddəti, sonrakı ödəniş intizamı və ailənin ümumi gəlirləri nəzərə alınmalıdır. Əks halda, mənzilə ehtiyacı olan, lakin maliyyə tarixçəsi ideal olmayan şəxslər sistemdən kənarda qala bilərlər.
Aktiv ipoteka krediti olan şəxslərin kirayə mənzil mexanizmindən istifadə imkanlarının məhdudlaşdırılması da müzakirəyə açıq məsələdir. Ailənin mənzil ehtiyacı zamanla dəyişə bilər və mövcud ipoteka öhdəliyinin olması daha uyğun yaşayış sahəsinə ehtiyacı aradan qaldırmır. Buna görə də müraciətçilərin gəlirləri, borc yükü və ümumi ödəmə qabiliyyəti əsasında fərdi qiymətləndirmə aparılması məqsədəuyğun olardı”.
Mütəxəssis mənzil təklifinin məhdudluğu və müraciətlərin çoxluğunun da problemin əsas tərəflərindən biri olduğunu vurğulayıb. O xatırladıb ki, Fondun oktyabr ayında yaydığı məlumata əsasən, sistemə hər gün yüzdən artıq müraciət daxil olub, seçim üçün mövcud mənzillərin sayı isə müraciətlərin sayından dəfələrlə az olub. Bu səbəbdən oktyabrın 6-dan müraciətlərin qəbulu dayandırılıb.
Fidan Vəlisoy