"Övladım imtina etsə də, bayramlarda gözüm yolda qalır" - Qızı imtina edən ANA

10:04 - 24 Oktyabr 2025

\"Övladım imtina etsə də, bayramlarda gözüm yolda qalır\" - Qızı imtina edən ANA

Bilgəh qəsəbəsində yerləşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinə daxil olanda ilk hiss etdiyim qəribə bir sakitlik idi. Geniş, təmiz dəhlizlər, işıqlı otaqlar, sakitcə addımlayan insanlar, dərin və kədərli baxışlar… Hər sakit addım bir taleyin fırtınadan sonrakı səssizliyini xatırladırdı, hər baxışın dərinliyində isə bir ömrün izi gizlənmişdi. O baxışlardan biri də 84 yaşlı Müslümət Rzaxanovaya məxsus idi.



“Bura “Qocalar evi” deyəndə əsəbiləşirəm, bura ailədir” – deyə başladığı söhbətin ardınca uzun bir sükut gəlir. Hiss olunur ki, bu sözlərin altında ağır bir həyat hekayəsi yatır: oğlunun həbs həyatı, qızının biganəliyi, nəvələrinin məhkəmələri, övlad həsrəti və s…

Ömrünün böyük hissəsini işləməyə, övladlarını böyütməyə sərf etmiş, uzun illər Azərbaycan Dövlət Televiziyasında çalışmış bu qadın, bu gün doğmalarından deyil, yad insanlardan qayğı görür. Həyatı boyunca dövlət tərəfindən dəyərləndirilsə də, sonda ən ağır yarasını da ən doğmalarından alır.

Sözlərinə belə başlayır:

 - Hərdən bilirsiniz, nəyə kövrəlirəm? Bütün otaqlar gül kimidir, hər şeyimiz var. O qədər qayğıkeşdilər... Yeməyimdən geyimimə qədər hər şey öz yerindədir. Mən dəhşətə gəlirəm. Tanımadığım adamlardı... Amma mənim ömrümü qoyduğum uşaqlar... Mənim payıma da belə övlad düşüb. Çox çətindir. Fikirləşmək belə çətindir. Başını balışa qoyanda deyirsən: “Sənin burada nə işin var? Nə oldu əziyyətin? Hara getdi? Kimə görə oldu?” Düzünü deyim, qızımın belə hərəkəti mənim üçün gözlənilməz oldu. Oğlumun uşaqlarına evimi bağışlayandan sonra qızımın yanına köçdüm. Ondan sonra dedi: “Sən evi onlara ver, mən sənə baxım?” Deyə bilmədim ki, yaşadığın ev kimindir? Heç nəyə ehtiyacım yox idi. Həyatda qalmaq üçün bir gülər üzə, şirin sözə ehtiyacım vardı. O da yox idi. Onlara yük oldum...

Bütün bu yaşananların içində bir yarası xüsusilə dərin idi – oğul yarası. Mövzu oğluna gələndə isə səsi bir başqa cür titrəyir, gözlərindəki kədər aydın hiss olunur:

 - Oğlum 64 yaşındadır, 29 ildir həbsdədir. Ömürlük məhkumdur. Ali savadlı oğlandır. Qızımın da öz ailəsi var, sərbəst yaşamaq istədilər. Bağışlanmaz bir səhv ediblər, keçə bilmirəm. Gəlsələr də, görmək istəmirəm. Qızımın öz nəvələri var. Ananın kim olduğunu, müqəddəs olduğunu hiss eləmirsə, daha mənası yoxdur. Həbsdəki oğlumun burda olduğumdan xəbəri yoxdur. O, orda olmasaydı, mən burda olmazdım. Ulu Öndər Heydər Əliyevin mənə bağışladığı evi oğlumun uşaqları üçün qoydum. Qızım üçün ayrıca ev tikmişdim, imkanım yaxşı idi. Onu da ona verdim və geriyə baxmadan mənzili tərk etdim”.

Oğul həsrətindən sonra nəvə yarası açılır. Bu dəfə hekayəyə suallar qarışır. "Oğul nəvələriniz yanınıza gəlir?" sualını eşidəndə kövrəlir… Gözləri pəncərəyə dikilir...


 - Xeyr, evi öz adlarına keçirtmək üçün məni məhkəməyə verdilər. Təsəvvür edirsiniz, bu nə deməkdir? Böyütdüyüm övladım, gözümün yağını yedirtdiyim uşaqlar... Məni infarkt vurdu. Sağaldım, bura gəlmək qərarına gəldim. Hətta bir vaxtlar “Ailələr və talelər” verilişinin aparıcısı olan, bir yerdə çalışdığım Nailə İslamzadədən də kömək istədim. Lakin o, belə çətin vəziyyətimdə mənə "kömək edə bilmərəm" dedi. Və bura gəldim. Onu da deyim ki, nəvələrimin toyunu da etmişəm, birini Türkiyəyə köçürmüşəm. Həyatım bir kitab hekayəsidir.  Evə görə 10 il məhkəmələrdə süründüm. Oğlumun uşaqları məni o günə saldılar. Yenə də Allah canlarını sağ eləsin.

Gənc yaşından ömür ona ağır məsuliyyət yükləyib. Müslümət Rzaxanova 19 yaşından iki uşağın həm anası, həm də atası olub. Çətin də olsa bu sualı ona vermək məcburiyyətində qaldım:

- Bəlkə tərbiyədə səhv etmisiniz?

Sualımı eşidəndə bir anlıq susdu, baxışları bir nöqtəyə ilişib qaldı. Ardınca sakitcə danışmağa başladı:

Öncədən səhv etdim. Bünövrə möhkəm olmalıdır. Atasızlığı hiss etməsinlər deyə, gecə-gündüz işlədim. Amma uşaq bilməlidir: əziyyəti görməli, yediyi çörəyin hardan gəldiyini hiss etməlidir. Bu qədər yük daşıyan ananın xətrinə dəyən övlada nə deyəsən?


- 19 yaşında dul qadın... Heç evlənmək təklifi edən olmadı?

- Çox oldu. Anamın yanında qalırdım. Həmişə deyirdi ki, həyatını qur. Amma vaxtım yox idi axı. Gecə-gündüz işləyirdim, övladımlarıma görə bu barədə fikirləşə bilmirdim.

- Təzədən həyat verilsəydi...

- Yox, heç vaxt. Uşaqlarım üçün ayıb olardı. Evlənməzdim. Həyat özü qəribədir. Allah insana çəkməyəcəyi yükü vermir. 84 yaşım var, dözürəm. Keçmişi yadıma salmasam, elə bilərəm ki, gözəl yaşayıram. Nə qədər istəmirəm, gəlməsinlər desəm də, bayramlarda gözüm yolda qalır. Qapıya, pəncərəyə baxıram. Sonra da özüm-özümə fikirləşirəm: "Sən nə qədər alçalırsan? Niyə qapıya baxırsan?’.

Söhbət övladlarına verəcəyi halallıqdan düşəndə isə sözləri sərtləşir, səsi bir az da ağırlaşır:

Hallalıq vermirəm. Rəhmətlik anam deyirdi ki, qazanın qapağını aç, yeməyin yağlı tikəsini özün ye, qalanını övladlara ver. Onda övlad ananın qədrini bilər. Mən elə etmədim. Yıxıldım. Ananı məhkəməyə verən övladdan nə gözləyirsən? Mən elə ana olmamışam — hər yerdə nümunə çəkilmişəm. Qızımın qanında o tərəfin qanı var. (red: Həyat yoldaşı tərəfi nəzərdə tutur)


Sükutun arasından çıxan sual verirəm:

- Bəs yoldaşınız indi hardadı?

- Eh, ay qızım, rəhmətə gedib. Məndən 10 yaş böyük idi. Köçdü, getdi Rusiyaya, orda evləndi. İki uşaqla qaldım burda. Qocalıb, haldan düşəndən sonra geri qayıtdı və rəhmətə getdi. Qızım onun adına olan evi də öz adına keçirdi.

Nəfəsini içinə çəkir, sanki nəsə deməyə hazırlaşır. Hekayənin ən həssas nöqtəsinə toxunuram:

- Ən çox nədən ötrü darıxırsız?

- Bir yemək olur, yeyirsən, amma ürəyini bulandırır. Sonra deyirsən, bir də yemərəm. Amma o ürək bulantısı sənə narahatlıq verir. İndi o vəziyyətdəyəm. Adları gələndə elə oluram. Hər dəfə burdakı qayğını görəndə, övladımın etdiyinin təsiri mənə daha da ağır gəlir. O qayğını yad adamlardan görürəm. Tamam, yad adamlardı. Mən bunu uşaqlarımdan görmək istəyirdim axı...


Kövrəlir, qəhər boğan 84 yaşlı ananın gözləri yaşarır. İnsanın ürəyini bulandıran bəzən yemək yox, yadına düşən adlar olur. O adlar ki, bir vaxtlar sığınacaq idi, indi isə sancıdır… “Bu qayğını mən övladlarımdan görmək istəyirdim…” Bu cümlə qulaqdan çox ürəyə sancır. Daşıdığı dərdi, çəkdiyi zülmü danışdıqca, onun taleyinin ağırlığı hiss olunurdu. Belə bir ömrün sahibi,  bu qədər acı görən qadın gənclərə üz tutaraq nəsihət edir:

Uşaqlarınızı sərbəst buraxmayın. Tələbkar olun. Xaricilərin bir xüsusiyyəti var. Uşağa hər şeyi haradan və necə gəldiyini açıq-aydın izah edirlər. 18 yaşında deyirlər ki, get, azad ol, həyatını yaşa. Bizimkilər isə əvvəl bağlayır, sonra əl-qolunu açırlar. Onlar uşağı elə böyüdürlər - içdiyi suyun haradan gəldiyini izah edirlər. Bizimkilərdə isə əksinə. O suyun haradan gəldiyini bilməsələr, bünövrə möhkəm olmayacaq. İndikilər asana qaçır. Biz əziyyət çəkmişik. Arif Quliyevin bir sözü vardı: “İndikilər ərə çamadanla gedir ki, qayıtmaq asan olsun.” Elə övlad böyütməsinlər. Biz uşaqları böyüdəndə yalandan nağıllar uydururuq. Halbuki onların düzünü demək lazımdır. Uşaqlar hər şeyi bilməlidir.

Söhbətimizin sonuna yaxınlaşırıq. Onun son sözləri elə bil otağın havasını ağırlaşdırır.

- Burda sonumuzu gözləyirik. Çox ağır bir yük var: sənin böyütdüyün, əziyyət çəkdiyin yox, yad bir adam sənin gözünü bağlayacaq, səni dəfn edəcək. İnsana bundan böyük dərd ola bilməz. Mənim gözümü niyə övladlarım bağlamasın? Mən 19 yaşından dul qalmışam, gözümü hədər etmişəm: oxumuşam, işləmişəm. Mənim də qismətim belə yazılıb...


Bu sözlərdən sonra qadın susdu. Onun baxışları bir anlıq uzaqlara getdi, pəncərəyə yaxınlaşıb sanki keçmişinə boylandı: övladlarının uşaq vaxtına, ümidlərinin canlı olduğu günlərə…

Buradan uzaqlaşanda, arxada qalan o səs qulağımda yenidən səslənir: “Bəzən insanın ən böyük ağrısı - ömrünü verdiklərinin ona geri dönməməsidir”.

Bəlkə də ən böyük yetimlik - valideynsiz böyümək deyil, valideynini yetim qoymaqdır.



Müəllif: Könül Ələsova
Foto: İlqam Cəbiyev


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az