Avqustun 22-də Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev arasında keçirilən yüksək səviyyəli görüş Azərbaycan, Türkmənistan və Özbəkistan arasında strateji əməkdaşlığın yeni mərhələsidir.
Bunu Manset.az-a açıqlamasında Milli Məclisin deputatı Vasif Qafarov deyib.
O qeyd edib ki, bu tarixi görüş üç qardaş ölkə arasında çoxtərəfli əməkdaşlıq formatının rəsmi əsaslarını qoymaqla, regionda sabitlik, tərəfdaşlıq və inkişaf üçün yeni imkanlar açır. Görüş çərçivəsində bir sıra mühüm sənədlər imzalandı. “Azərbaycan, Türkmənistan və Özbəkistan liderlərinin Birgə Bəyanatı” dövlət başçıları tərəfindən qəbul olundu və yeni əməkdaşlıq mərhələsinin siyasi əsası qoyuldu:
“"Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə “Türkmənhavayolları” Dövlət Xidməti arasında beynəlxalq hava əlaqələrinin gələcək inkişafı haqqında Anlaşma Memorandumu” Azərbaycan və Türkmənistan arasında beynəlxalq hava əlaqələrinin inkişafına böyük töhfə verəcək. Azərbaycanın Füzuli şəhəri ilə Türkmənistanın Arxadağ şəhəri arasında qardaşlaşma əlaqələrinin qurulması haqqında imzalanan protokol iki xalqın tarixi və mədəni bağlılığını daha da möhkəmləndirəcək. Bu, əslində, bizim qardaşlığımızın rəmzidir. Türkmən və Azərbaycan xalqları əsrlər boyu bir ailə kimi, qardaşlar kimi yaşayıb-yaratmışlar. Bu gün iki müstəqil dövlət bu ənənələrə sadiqdir, bu ənənələri yaşadır və yeni üfüqlərə doğru birgə addımlayır Azərbaycan və Türkmənistan arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq haqqında imzalanan anlaşma memorandumu iki ölkə arasında dəmir yolu, tranzit və logistika sahəsində çoxtərəfli əməkdaşlığı gücləndirəcək. Bu sənədlər, iki ölkə arasında yalnız siyasi və iqtisadi sahələrdə deyil, həm də sosial, humanitar və mədəni müstəvidə yeni əməkdaşlıq platformasının yaradıldığını göstərir.
Qarabağda gedən quruculuq işlərində Türkmənistan və Özbəkistan kimi dost və qardaş dövlətlərin dəstəyi xüsusi əhəmiyyətə malikdir. Türkmənistanın Füzulidə məscid inşa etməsi barədə qərarı türkmən xalqının, Türkmənistan Liderinin Azərbaycan xalqına, Azərbaycana olan dəstəyinin nümunəsidir, bizim qardaşlığımızın təcəssümüdür. Özbəkistan tərəfindən Xankəndidə istifadəyə verilmiş tikiş fabriki hazırda 200-dən çox insanı, əsasən qadınları işlə təmin edir. Gələcəkdə müəssisənin daha da genişləndirilməsi nəzərdə tutulur. Bundan əlavə, Füzulidə 960 şagird yerlik “Mirzə Uluqbəy” məktəbinin tikintisi də Özbəkistanın böyük qardaşlıq töhfəsi kimi dəyərləndirilməlidir. Cənab Prezident İlham Əliyevin də vurğuladığı kimi bu layihələr Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan, Özbəkistan və Türkmənistan sözdə yox, əməldə də dost və qardaşdır. Türkmənbaşı şəhərində keçirilən yüksək səviyyəli görüş Azərbaycan, Türkmənistan və Özbəkistan arasında qardaşlıq, dostluq və strateji tərəfdaşlığın rəsmi təsdiqi oldu. İmzalanmış sənədlər və verilən bəyanatlar göstərir ki, üç ölkə yalnız siyasi müstəvidə deyil, həm də iqtisadi, sosial və humanitar sahələrdə sıx əməkdaşlıq etməyə qərarlıdır. Bu sammit, həm də, regionun gələcək inkişafına, sabitliyə və sülhə xidmət edən yeni əməkdaşlıq formatının başlanğıcı kimi tarixə düşəcək".