"25 sentyabr 2025-ci ildə BMT Baş Assambleyasının 80-ci sessiyasında Azərbaycan Prezidenti cənab İlham Əliyevin etdiyi çıxış Azərbaycan diplomatiyası tarixində mühüm hadisə kimi yadda qaldı. Prezidentin çıxışı bir tərəfdən 30 ilə yaxın işğalın acı nəticələrini dünya ictimaiyyətinə xatırlatdı, digər tərəfdən isə qələbədən sonra qurulan yeni reallıqlar əsasında sülh, əməkdaşlıq və inkişaf gündəliyini təqdim etdi".
Bunu Manset.az-a açıqlamasında deputat Vasif Qafarov deyib.
O vurğulayıb ki, Azərbaycan Prezidenti çıxışına Ermənistanın həyata keçirdiyi etnik təmizləmə və hərbi cinayətlərin nəticələrinə toxunmaqla başladı:
"Bir milyon azərbaycanlının öz
yurdundan didərgin düşməsi, onların fundamental hüquqlarının kobud şəkildə
pozulması və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasız qalması beynəlxalq
ədalətsizliyin bariz nümunəsi kimi göstərildi. Bu, Azərbaycanı öz gücü ilə
haqqını təmin etməyə sövq edən əsas səbəb idi.
Daha sonra dövlət
başçısı ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyinə diqqət çəkərək, onun illərlə
status-kvonu qoruduğunu bildirdi. Bu isə süni şəkildə münaqişəni uzatmaqdan
başqa bir işə yaramadı. Lakin Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq 2020-ci
ildə özünümüdafiə hüququndan istifadə etdi. Ali Baş Komandan cənab İlham
Əliyevin rəhbərliyi ilə ordumuz 44 günlük Vətən müharibəsində işğala son qoydu,
ərazilərimizi azad etdi və tarixi ədaləti bərpa etdi.
Prezident İlham
Əliyevin vurğuladığı kimi, 2020-ci il noyabrın 10-u Azərbaycanın ərazi
bütövlüyünün bərpası ilə tarixə yazıldı. Qələbədən dərhal sonra Azərbaycan Ermənistanla
sülh müqaviləsinə hazır olduğunu bəyan etdi və beynəlxalq hüquqa əsaslanan beş
prinsip irəli sürdü. 2022-ci ildən başlayan danışıqlar nəhayət nəticə verdi və
2025-ci ilin avqustunda Vaşinqtonda tərəflərin sülh sazişi mətnini paraflaması
regionda sabitliyin əsasını qoydu. Burada diqqətəlayiq məqam odur ki, ABŞ
Prezidenti Donald Trampın da şahid kimi sənədə imza atması prosesə beynəlxalq
legitimlik verdi".
Millət vəkili diqqətə çatdırıb ki, Prezident İlham Əliyev çıxışında regional bağlantıların davamlı sülhün təmin edilməsində əsas rol oynayacağını vurğuladı:
"TRIPP – “Beynəlxalq Sülh və Rifah naminə Tramp
Marşrutu” layihəsi və Zəngəzur dəhlizindən maneəsiz keçid bölgədə iqtisadi
inteqrasiyanın güclənməsinə xidmət edəcək. Bununla yanaşı, Azərbaycanla ABŞ
arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması, ABŞ Prezidenti Donald
Tramp ilə imzalanan Anlaşma Memorandumu ikitərəfli münasibətləri yeni mərhələyə
yüksəltdi.
Çıxışda xüsusi
olaraq ABŞ Prezidentinin 907-ci düzəlişin tətbiqini dayandırması qərarı tarixi
addım kimi qiymətləndirildi. Bu, ikili standartlara, ədalətsizliyə son qoymaq və
Azərbaycanın qlobal təhlükəsizlik sistemindəki rolunu tanımaq deməkdir. Prezident
İlham Əliyev həm strateji tərəfdaşlıq səviyyəsinə yüksələn münasibətlərə görə,
həm də Ermənistanla sülh prosesinə verdiyi dəstəyə görə ABŞ rəhbərliyinə təşəkkürünü
bildirdi.
Dövlət başçısı
nitqində Azərbaycanın quruculuq siyasətinə də toxundu. 2020-ci ildən sonra azad
olunmuş ərazilərdə genişmiqyaslı yenidənqurma işləri aparılır. Ermənistan tərəfindən
yerlə-yeksan edilmiş yüzlərlə şəhər və kənd, dağıdılmış məscidlər bu gün yenidən
dirçəldilir. “Böyük Qayıdış” proqramı nəticəsində artıq 50 mindən çox insan öz
doğma torpaqlarında yaşayır və işləyir.
Eyni zamanda, dövlətimizin
qarşısında duran ən ağır humanitar problemlərdən biri mina təhlükəsi də beynəlxalq
auditoriyanın diqqətinə çatdırıldı. 44 günlük Vətən müharibəsindən sonrakı
dövrdə mina partlaması nəticəsində 400-dən çox insanın həyatını itirdiyi və ya
ağır yaralandığı faktını beynəlxalq ictimaiyyətin diqqətinə çatdıran dövlət
başçısı mina probleminin hazırda da köçkünlərin təhlükəsiz qayıdışına əngəl
yaratdığını xüsusi olaraq vurğuladı. Bundan başqa, 4 minədək azərbaycanlının
işğal dövründə itkin düşməsi məsələsi də beynəlxalq ictimaiyyətin qarşısında
ciddi məsələ kimi qaldırıldı".
V.Qafarov həmçinin qeyd edib ki, Azərbaycan Prezidenti çıxışında qlobal çağırışlara münasibətini də açıqladı:
"COP29-a ev
sahibliyi edən Azərbaycan iqlim diplomatiyasında mühüm uğurlar qazandı. Bakı
Maliyyə Hədəfi qlobal iqlim maliyyələşməsində tarixi mərhələ oldu və inkişaf
etməkdə olan ölkələrə ədalətli dəstək prinsiplərini möhkəmləndirdi. Eyni
zamanda, karbon bazarlarının işə salınması və Paris Sazişinin tam qüvvəyə minməsi
Azərbaycanın beynəlxalq proseslərdə aparıcı rolunu təsdiqlədi.
Enerji təhlükəsizliyi
məsələsinə toxunan dövlət başçısı bildirdi ki, Azərbaycan 14 ölkəyə qaz ixrac
edir və Avropanın enerji təminatında strateji tərəfdaş rolunu oynayır. Bununla
yanaşı, bərpaolunan enerji sahəsində qoyulan hədəflər ölkəmizin yaşıl inkişaf
yoluna sadiqliyini göstərir. Maraqlı məqamlardan biri də Azərbaycanın Suriyaya
enerji dəstəyi verməsi və bununla regional sabitliyə töhfə göstərməsidir.
Prezident İlham
Əliyev nəqliyyat və rəqəmsal dəhlizlərə də geniş yer ayırdı. Şərq-Qərb və
Şimal-Cənub dəhlizlərinin inkişafı, Ələt Beynəlxalq Limanının və Bakı-Tbilisi-Qars
dəmir yolunun gücləndirilməsi Azərbaycanın beynəlxalq nəqliyyat qovşağına
çevrilməsini təmin edir. “Rəqəmsal İpək Yolu” layihəsi isə Azərbaycanın
regional rəqəmsal mərkəz kimi formalaşmasını sürətləndirir.
Çıxışda iqtisadi
sabitlik və sosial tərəqqi məsələləri də vurğulandı. Yoxsulluğun və işsizliyin
5 faizə enməsi, dövlət borcunun ÜDM-in cəmi 6,5 faizi səviyyəsində qalması və
valyuta ehtiyatlarının yüksəkliyi ölkəmizin dayanıqlı inkişaf modelinin bariz
göstəriciləridir. Beynəlxalq reytinq agentliklərinin verdiyi müsbət qiymətləndirmələr
isə bu uğuru təsdiqləyir.
Ekoloji problemlərə
toxunan Prezident İlham Əliyev Xəzər dənizinin sürətlə azalması təhlükəsini
xatırladaraq bu problemin yalnız birgə səylərlə həll edilə biləcəyini bildirdi.
Azərbaycanın BMT ilə əməkdaşlığa hazır olması isə məsuliyyətli dövlət siyasətinin
ifadəsidir.
Çıxışın humanitar tərəfini
isə ölkəmizin qlobal yardım fəaliyyəti təşkil etdi. COVID-19 pandemiyası zamanı
80-dən çox ölkəyə yardım göndərilməsi, təbii fəlakətlər zamanı göstərilən dəstək
Azərbaycanın həmrəylik və humanitar dəyərlərə sadiqliyini təsdiqlədi.
Prezident İlham
Əliyev nitqini yekunlaşdıraraq bildirdi ki, Azərbaycan həm müharibədə qələbə
qazandı, həm də sülhü təmin etdi. İşğala son qoyuldu, ədalət zəfər çaldı,
suverenlik möhkəmləndi. Son illərdə əldə edilən uğurlar yalnız Azərbaycanın qələbəsi
deyil, həm də beynəlxalq hüququn üstünlüyünün bərqərar olmasının sübutudur. Dövlət
başçısı bütün dünyanı ikili standartlardan uzaq, ədalətli və qanunun aliliyinə əsaslanan
sülh mühitinə dəvət etdi.
Azərbaycan Prezidentinin BMT tribunasından çıxışı göstərdi ki, Azərbaycan artıq yalnız öz haqqını bərpa etmiş dövlət deyil, həm də qlobal miqyasda ədalətin, sabitliyin və əməkdaşlığın təşəbbüskarıdır. Prezident İlham Əliyevin BMT tribunasından səsləndirdiyi mesajlar həm milli maraqlarımızın müdafiəsi, həm də beynəlxalq sistemdə yeni ədalətli nizamın qurulması baxımından tarixi əhəmiyyət daşıyır".
Vasif Qafarov
Milli Məclisin deputatı, Tarix elmləri doktoru