"Türk Dövlətləri Təşkilatı gələcəyin güc platformasıdır" - Vasif Qafarov

16:58 - 07 Oktyabr 2025

\"Türk Dövlətləri Təşkilatı gələcəyin güc platformasıdır\" - Vasif Qafarov

"Türk Dövlətləri Təşkilatı artıq sadəcə tarixi-mədəni bağlılığın ifadəsi deyil, XXI əsrin geosiyasi reallıqlarında müstəqil qərar verən, öz gələcəyini özü müəyyən edən dövlətlərin strateji platformasıdır. Bu qurum Türk dünyasının əsrlərlə formalaşmış mənəvi, mədəni və siyasi irsinin müasir beynəlxalq sistemdə praktik gücə çevrilməsinin təzahürüdür".


Bu sözləri  Manset.az-a açıqlamasında Milli Məclisin deputatı Vasif Qafarov deyib. O, qeyd edib ki, bu gün dünya təkqütblü sistemdən uzaqlaşır, regional aktorların rolu artır.:

"Bu şəraitdə Türk Dövlətləri Təşkilatı Avrasiya məkanında sabitlik, ədalət və əməkdaşlıq dayağı kimi yüksəlir. Türk dövlətləri birləşərək yalnız öz milli maraqlarını deyil, həm də regional və qlobal təhlükəsizliyə töhfə verən ədalətli beynəlxalq münasibətlər modelini formalaşdırırlar. Türk Dövlətləri Təşkilatının Qəbələdə keçirilən XII Zirvə Görüşü bu baxımdan tarixi hadisədir, çünki bu görüş Türk dünyasının gələcək siyasi, iqtisadi və təhlükəsizlik arxitekturasının istiqamətini müəyyən edəcək.

Azərbaycanın bu təşkilatdakı rolu artıq sadəcə “üzv ölkə” anlayışını çoxdan aşıb. Azərbaycan Prezidenti cənab İlham Əliyevin uzaqgörən liderliyi ilə Azərbaycan Türk birliyinin lokomotivi, ideoloji və strateji xəttinin müəllifidir. Ölkə başçımızın “Bizim ailəmiz Türk dünyasıdır” fikri sadəcə bir bəyanat deyil, Azərbaycanın xarici siyasət fəlsəfəsini və milli kimliyinin beynəlxalq təzahürünü əks etdirir. Məhz ölkə başçımızın təşəbbüsləri nəticəsində TDT formal birlikdən çıxaraq dünya siyasətində hesablaşılacaq aktora çevrilib. Azərbaycanın ev sahibliyi etdiyi Zirvə təkcə diplomatik hadisə deyil, liderliyin və etimadın rəsmi təsdiqidir. Qırğızıstandan TDT sədrlik missiyasının Azərbaycana keçməsi bu inamın siyasi ifadəsidir".

Millət vəkili diqqətə çatdırıb ki, təşkilatın bu dəfəki mövzusu  “Regional sülh və təhlükəsizlik” zamanın tələbidir:

"Türk dövlətləri yalnız iqtisadi müstəvidə deyil, təhlükəsizlik və müdafiə siyasətində də koordinasiyalı fəaliyyət istiqamətində irəliləyirlər. Gələcəkdə bu təşkilat çərçivəsində birgə hərbi təlimlər, kibertəhlükəsizlik əməkdaşlığı, müdafiə sənayesi sinerjisi kimi təşəbbüslərin reallaşması labüddür. Bu, yalnız Türk dünyasının müdafiə mexanizmi deyil, həm də regionda müstəqil təhlükəsizlik arxitekturasının qurulması istiqamətində tarixi addımdır.

TDT-nin iqtisadi potensialı da sürətlə genişlənir. Enerji, logistika, nəqliyyat, kənd təsərrüfatı və texnologiya kimi sahələrdə qarşılıqlı asılılıq, Türk iqtisadi məkanının vahid bazara çevrilməsi üçün zəmin yaradır. Xüsusilə Şimal–Cənub və Şərq–Qərb dəhlizlərinin kəsişdiyi Azərbaycan bu inteqrasiyanın nəqliyyat və enerji qovşağı kimi strateji mövqeyə malikdir. Azərbaycanın azad edilmiş ərazilərində qardaş ölkələrin iştirakı ilə icra edilən bərpa və quruculuq layihələri həm iqtisadi həmrəyliyin, həm də Türk dünyasının bir ailə kimi davranmasının real sübutudur".

Deputat qeyd edib ki, TDT-nin yalnız iqtisadi və siyasi deyil, həm də mədəni və ideoloji dayaqları güclənir:

"Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKPA, TÜRKSOY və digər institutlar vasitəsilə türk mədəni kodları müasir dünyada qlobal brendə çevrilir. Bu, “yumşaq güc”ün ən effektiv formasıdır, çünki mədəni kimlik üzərində qurulan siyasi birlik daima dayanıqlı olur.

Təşkilatın inkişaf xətti göstərir ki, bu birlik XXI əsrin Türk əsri olmasının əsasını qoyur. Bu təşkilat vahid strateji düşüncə, qarşılıqlı etimad və milli suverenliklərə hörmət əsasında formalaşır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin iradəsi və siyasi vizyonu nəticəsində Azərbaycan, Türkiyə və Orta Asiya dövlətləri bu gün beynəlxalq münasibətlərdə ədalət və bərabərliyə əsaslanan yeni bir geosiyasi model yaradırlar. Dünya artıq görür ki, Türk dövlətləri birləşəndə onların səsi təkcə regionda deyil, qlobal səviyyədə də eşidilir. Bu, nə təkcə tarixi borcdur, nə də nostalji ideya, bu, bəşəri ədalət və sabitliyə yönəlmiş müasir siyasi reallıqdır.

Türk Dövlətləri Təşkilatının uğurları bir daha sübut edir ki, milli kimliyə əsaslanan əməkdaşlıq qlobal dəyərlərlə ziddiyyət təşkil etmir, əksinə, onları daha ədalətli əsasda tamamlayır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsləri ilə Türk Dövlətləri Təşkilatı bu gün regional sabitliyin, iqtisadi inteqrasiyanın və mədəni həmrəyliyin əsas dayağına çevrilib. Türk Dövlətləri Təşkilatı dünənin, bu günün və gələcəyin təşkilatıdır, birliyə əsaslanan güc, ədalətə əsaslanan siyasət və mədəniyyətə əsaslanan kimlik modelidir".


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az