Millət vəkili Azay Quliyev Real TV-yə müsahibəsində ABŞ-ın vitse-prezidenti Cey Di Vensin Bakıya səfərini və imzalanan Strateji Tərəfdaşlıq Xartiyasını Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələ kimi dəyərləndirib.
Manset.az xəbər verir ki, deputatın sözlərinə görə, səfər Tramp administrasiyasının Cənubi Qafqazı geosiyasi maraq dairəsinə daxil etdiyini və Azərbaycanı regionda etibarlı strateji tərəfdaş kimi gördüyünü nümayiş etdirir. O, Vensin Prezident İlham Əliyevin liderliyini yüksək qiymətləndirməsini və sülh prosesinə verdiyi dəstəyi xüsusi vurğulayıb.
Azay Quliyev bildirib ki, imzalanan Xartiya suverenlik və ərazi bütövlüyünə qarşılıqlı dəstəyi təsdiqləməklə yanaşı, müdafiə və təhlükəsizlik, enerji, nəqliyyat bağlantıları, kritik mineralların tranziti, mülki nüvə əməkdaşlığı, süni intellekt və rəqəmsal infrastruktur sahələrində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Sənədə əsasən, tərəflər işçi qrupları yaradacaq və üç ay ərzində konkret layihələr üzrə yol xəritəsi hazırlayacaqlar.
Millət vəkili həmçinin 907-ci düzəlişin tam ləğvinin vacibliyini qeyd edərək bildirib ki, bu məhdudiyyət aradan qaldırılarsa, müdafiə və iqtisadi sahələrdə əməkdaşlıq daha sürətli və effektiv həyata keçirilə bilər.
Quliyevin fikrincə, səfər göstərdi ki, Azərbaycan artıq təkcə enerji tərəfdaşı deyil, eyni zamanda geosiyasi sabitlik, nəqliyyat və yeni texnologiyalar sahəsində ABŞ üçün əsas strateji tərəfdaşlardan birinə çevrilir.
Sözügedən müsahibəni təqdim edirik: