Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı YENİ MƏRHƏLƏDƏ

09:50 - 07 Aprel 2026

Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı YENİ MƏRHƏLƏDƏ
  • "Prezident İlham Əliyevin 2026-cı il aprelin 6-da Gürcüstana səfəri zamanı verdiyi bəyanat Azərbaycan-Gürcüstan münasibətlərinin mövcud vəziyyətini və perspektivlərini əhatəli şəkildə əks etdirir və bu çıxışdan aydın olur ki, iki ölkə arasında əlaqələr təkcə siyasi maraqlara deyil, eyni zamanda dərin tarixi və mədəni bağlılıqlara əsaslanır".


  • Bu barədə Manset.az-a açıqlamasından Milli Məclisin deputatı Vasif Qafarov bildirib. Onun sözlərinə görə, Prezident çıxışında vurğuladı ki, əsrlər boyu xalqlar arasında formalaşmış dostluq və qardaşlıq ənənələri bu gün də uğurla davam etdirilir və bu amil dövlətlərarası münasibətlərin möhkəm təməlini təşkil edir:

"Eyni zamanda bəyanatda Gürcüstanın iqtisadi inkişafı və bunun əsasını təşkil edən siyasi sabitlik xüsusi qeyd olundu, bildirildi ki, məhz bu sabitlik ölkədə əlverişli sərmayə mühiti yaradıb və Azərbaycan investorlarının Gürcüstana marağını artırıb. Bu yanaşma göstərir ki, iqtisadi inkişaf və siyasi sabitlik bir-biri ilə sıx bağlıdır və regionda davamlı əməkdaşlığın əsas şərtlərindən biridir.

Prezident İlham Əliyev iki ölkənin beynəlxalq təşkilatlarda bir-birini daim dəstəklədiyini vurğulayaraq, ərazi bütövlüyü, suverenlik və sərhədlərin toxunulmazlığı məsələlərində ortaq mövqenin əhəmiyyətini önə çəkdi. Bu, Azərbaycan və Gürcüstanın beynəlxalq münasibətlər sistemində koordinasiyalı şəkildə fəaliyyət göstərdiyini və strateji tərəfdaşlıq münasibətlərinin möhkəm olduğunu nümayiş etdirir.

İqtisadi sahədə əldə olunan uğurlar da çıxışın əsas məqamlarından biridir; ticarət dövriyyəsinin artması və Azərbaycan tərəfindən Gürcüstan iqtisadiyyatına qoyulan 3,7 milyard dollarlıq sərmayə iki ölkə arasında iqtisadi inteqrasiyanın yüksək səviyyədə olduğunu göstərir. Bundan əlavə, üçüncü ölkələrə birgə investisiya qoyuluşu ideyasının irəli sürülməsi əməkdaşlığın daha geniş coğrafiyaya yayılmaq potensialına malik olduğunu göstərir".

Millət vəkilinin sözlərinə görə, bəyanatda Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqlar da diqqət mərkəzində oldu və qeyd olundu ki, region artıq münaqişə məkanından əməkdaşlıq və sabitlik zonasına çevrilməkdədir:

"Bu kontekstdə Gürcüstanın rolu xüsusi vurğulandı, həmçinin Azərbaycan-Ermənistan sülh prosesində iqtisadi əlaqələrin, xüsusilə ticarətin əhəmiyyəti ön plana çəkildi ki, bu da sülhün möhkəmləndirilməsi üçün praktik yanaşma kimi qiymətləndirildi.

Enerji və nəqliyyat sahəsində əməkdaşlıq isə Azərbaycan-Gürcüstan münasibətlərinin strateji sütunlarından biri kimi təqdim olundu. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi və Orta Dəhliz kimi layihələr iki ölkənin qlobal enerji təhlükəsizliyi və beynəlxalq nəqliyyat sistemində mühüm rol oynadığını göstərir. Bu layihələr sayəsində Azərbaycan və Gürcüstan yalnız regional deyil, həm də beynəlxalq miqyasda strateji əhəmiyyət daşıyan tərəfdaşlara çevriliblər.

Ümumilikdə, Prezident İlham Əliyevin Gürcüstan paytaxtında verdiyi bəyanat onu göstərir ki, Azərbaycan-Gürcüstan münasibətləri qarşılıqlı hörmət, etimad və ortaq maraqlar üzərində qurulan güclü strateji tərəfdaşlıq modelidir və mövcud dinamika, eləcə də yeni təşəbbüslər bu əməkdaşlığın gələcəkdə daha da dərinləşəcəyini, regionda sabitlik və iqtisadi inkişafın əsas dayaqlarından biri olaraq qalacağını deməyə əsas verir".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az