Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində noyabrın 12-də Sıfır Tullantı Muzeyinin açılışı olub.
Manset.az Azərtac-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alyona Əliyeva, COP31-də iştirak edən dövlət və hökumət başçılarının xanımları, beynəlxalq təşkilatların nümayəndələri, eləcə də BMT-nin Sıfır Tullantı üzrə Yüksək Səviyyəli Şəxslər Məsləhət Şurasının üzvləri açılış mərasimində iştirak ediblər.
Muzeyin açılışını bildirən lent tədbir iştirakçılarının iştirakı ilə kəsilib.
Türkiyənin Sıfır Tullantı Fondu tərəfindən COP31 çərçivəsində yaradılan muzey 2017-ci ildə əsası qoyulan Sıfır Tullantı Layihəsinin milli və beynəlxalq miqyasda inkişaf yolunu əks etdirir.
Muzeyin əsas məqsədi gündəlik həyatda istifadə olunan əşyaların ömrünün uzadılması, təbii ehtiyatların qorunması və tullantıların azaldılması istiqamətlərində ictimai maarifləndirməni gücləndirməkdir.
Qeyd edək ki, muzeydə təqdim olunan təcrübənin beynəlxalq miqyasda təbliği və müxtəlif ölkələrdə sıfır tullantı yanaşmasının təşviqinə töhfə verməsi nəzərdə tutulur.