“Ötən ilin dekabrında Şərq Tərəfdaşlığı sammitində Azərbaycan, Ermənistan və Gürcüstan rəhbərləri NATO-ya dəvət olundular. Prezident İlham Əliyev dəvəti qəbul etdi. NATO Baş katibi Yens Stoltenberq ilə görüşdü. Dövlət başçısı NATO-nun ali orqanı olan Şimali Atlantika Şurasında çıxış etdi. İki saatdan artıq çəkən iclasda NATO-nun 30 üzv dövlətinin 20-dən artıq daimi nümayəndəsi, yəni NATO yanında səfirləri çıxış edərək Azərbaycanın rolunu və yürütdüyü siyasətini, Əfqanıstan əməliyyatında iştirakını yüksək qiymətləndirdilər”.
Bu sözləri Manset.az-a açıqlamasında millət vəkili Cavid Osmanov bildirib.
Deputatın sözlərinə görə, Azərbaycan və NATO arasında Prezident Cənab İlham Əliyevin rəhbərliyi ilə yüksək səviyyəli münasibət qurulub.
“Azərbaycan Silahlı Qüvvələri NATO-nun tərkibində bir sıra ölkələrdə sülhməramlı kontingent qismində iştirak edib.Buna görə də, Azərbaycanın Prezidenti Cənab İlham Əliyevə NATO-nun Baş katibi tərəfindən təşəkkür edilib. O cümlədən Azərbaycan Prezidentinin məhz NATO sammitində iştirak etməsi, Brüssel səfəri çərçivəsində adıçəkilən qurumun igamətgahına səfər etməsi, sonra Yens Stoltenberqin İlham Əliyevə təşəkkür etməsi görülən işlərə əyani sübutdur.Azərbaycan Sülhməramlıları Əfqanıstandan çıxan ən sonuncu qrup oldu.Buna görə də NATO baş katibi Azərbaycan rəhbərliyinə dəfələrlə minnətdarlığını bildirdi. Buna görə də, NATO-ya üzv ölkələr Azərbaycanın bu addımını yüksək dəyərləndirir”.

Millət vəkili bildirib ki, Gürcüstan rəhbərliyi də NATO-ya səfər edərək müvafiq görüşlər keçirdi. Həmin vaxt Rusiyanın qorxusundan vassal və müstəmləkə dövlətin rəhbəri olan Paşinyan NATO-ya səfər etməkdən boyun qaçırdı. İndi Rusiyanın Ukraynada üzləşdiyi çətinlikləri və hərbi qələbə əldə edə bilməməsini görərək Paşinyan və onun komandası NATO-ya və qərb ölkələrinə meyl edir:
“Ölkəmizdən fərqli olaraq Ermənistan hər zaman ikili oyun oynayır.Bunu artıq Qərb də, Rusiya da dərk edir.Vaxtilə Rusiyaya sığınan Ermənistan rəhbərliyi Ukraynada yaranan böhrən və Qərbin Rusiyaya təzyiqi fonunda Ermənistan Rusiyadan üz döndərib. Mənfur düşmən xislətinə sadiq qalaraq Qərbə meyl etməyə başlayıb. Nikol Paşinyan və onun komandası NATO-ya üz tutmağa məcbur olub.Ermənilərin apardığı bu ikili siyasət açıq şəkildə özünü göstərir. İndiki məqamda Ermənistanın bu ikili siyasəti artıq həm Qərbdə, həm NATO-da, həm Rusiyada bilindiyindən düşünürəm ki, bu Ermənistana ağır başa gələcək. Rusiyanın ağır məqamda olduğu zamanda Ermənistanın belə ikili siyasət yürütməsi və qərbə meyllənməsi onun cəzalandırılmasına səbəb olacaq” - Cavid Osmanov əlavə edib.