Novruz bayramı milli kimliyi yaşadır - Ənənədən gələcəyə miras

19:12 - 19 Mart 2026

Novruz bayramı milli kimliyi yaşadır - Ənənədən gələcəyə miras

Azərbaycanda əsrlərdən bəri qorunub saxlanılan milli adət-ənənələr bu gün də öz aktuallığını itirmir. Xüsusilə, Novruz bayramı xalqın zəngin mədəni irsinin, birlik və həmrəyliyinin ən parlaq təzahürlərindən biri kimi qeyd olunur. Baharın gəlişini simvolizə edən bu qədim bayram ərəfəsində ölkənin hər yerində tonqallar qalanır, səmənilər yetişdirilir, milli mətbəxin nemətləri süfrələri bəzəyir. Bütün bunlar Azərbaycanın milli dəyərlərə sadiqliyinin və ənənələrin gələcək nəsillərə ötürülməsinin bariz nümunəsi kimi diqqət çəkir.


AMEA-nın Folklor İnstitutunun aparıcı elmi işçisi, folklorşünas Elyar İslamoğlu Manset.az-a açıqlamasında bildirib ki, bu bayramın kökləri minilliklərə gedib çıxır və təbiətin oyanışı, yeni ilin başlanğıcı, həyatın yenilənməsi kimi dəyərləri ifadə edir:


“Novruz bayramı Azərbaycan xalqının ən qədim və ən sevimli bayramlarından biridir. Novruz, əsasən, yaz fəslinin gəlişi, gecə ilə gündüzün bərabərləşdiyi gün qeyd olunur və bu da təbiətdə tarazlıq rəmzi sayılır.

Novruzun mahiyyəti yenilənmə, paklaşma və ümiddir. İnsanlar bu bayramı qarşılarkən evlərini təmizləyir, köhnə inciklikləri unudur, yeni həyata təmiz niyyətlə başlamağa çalışırlar. Qocalar, xəstələr ziyarət olunur. Uşaqlara bayram payı verilir. Vəfat edənlərin məzarı ziyarət edilərək dualar edilir. Bu xüsusiyyətlər Novruzu sadəcə təqvim bayramı deyil, həm də mənəvi dəyərləri əks etdirən bir ənənəyə çevirir.

Bu bayramın xalqımızın sevimli bayramına çevrilməsinin əsas səbəbi onun xalqın həyat tərzi ilə sıx bağlı olmasıdır. Kənd təsərrüfatı ilə məşğul olan əhali üçün yazın gəlişi yeni məhsuldarlıq dövrünün başlanğıcı idi. Bu səbəbdən Novruz bolluq, bərəkət və firavanlığı özündə cəmləşdirir. Eyni zamanda bayram ailə birliyini, paylaşmağı və yardımsevərliyi təşviq edir.

Novruz bayramının əsas adət-ənənələri olduqca zəngindir. Bayramdan əvvəl dörd çərşənbə qeyd olunur: Su, Od, Yel və Torpaq çərşənbələri. Bu çərşənbələr təbiətin mərhələli şəkildə oyanmasını simvolizə edir. Bayram süfrəsinin əsas bəzəyi səmənidir, buğdanın cücərdilməsi həyatın yenidən doğuluşunu, təbiətin dirilməsini ifadə edir. Süfrədə müxtəlif şirniyyatlar, şəkərbura, paxlava, qoğal kimi nemətlər olur. 

Novruzun ən maraqlı adətlərindən biri tonqal qalamaqdır. İnsanlar tonqal üzərindən tullanaraq “ağırlığım-uğurluğum odda yansın” deyirlər. Bu mənəvi təmizlənmə və xəstəliklərdən uzaqlaşma anlamı daşıyır. Bundan əlavə, şal atmaq (qurşaq atmaq), qulaq falına çıxmaq, yumurta döyüşdürmək kimi xalq oyunları və inanclar da bayramın ayrılmaz hissəsidir.

Novruz bayramı Azərbaycan tarixində mühüm iz qoymuşdur. Bu bayram xalqın milli kimliyinin qorunmasında, adət-ənənələrinin yaşadılmasında böyük rol oynamışdır. Müxtəlif dövrlərdə qadağalara baxmayaraq, xalq Novruzu qeyd etməyə davam etmiş və onu nəsildən-nəslə ötürmüşdür. Bu da bayramın xalqın ruhunda nə qədər dərin kök saldığını göstərir”. 

Folklorşünas qeyd edib ki, bu gün Novruz həm Azərbaycanda, həm də dünyanın bir çox ölkələrində qeyd olunur və UNESCO tərəfindən qeyri-maddi mədəni irs kimi tanınmışdır. Bu isə Novruzun təkcə milli deyil, ümumbəşəri dəyər olduğunu sübut edir. Novruz bayramı Azərbaycan xalqının tarixini, mədəniyyətini, dünyagörüşünü əks etdirən, birlik və yenilənmə rəmzi olan mühüm bir bayramdır: 

“2025-ci ildə Türk Dövlətləri Təşkilatının Budapeştdə keçirilən qeyri-rəsmi Zirvə görüşündə Novruz bayramı Türk dünyasının ortaq bayramı statusunu aldı. Təklif Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən irəli sürüldü və iştirakçı dövlət başçıları tərəfindən dəstəkləndi. Toplantıda Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edirdi.

Novruz bayramı türk xalqlarının ortaq mədəni sərvətidir. Bu bayramın mahiyyəti və tarixi kökləri haqqında mətbuatda ilk geniş məlumat 1907-ci ilin martında Əli bəy Hüseynzadənin “Füyuzat” jurnalında dərc olunan “Novruzi-inqilab” məqaləsində verilib. O, Novruzun atəşpərəstliklə əlaqələndirilməsinin yanlış olduğunu qeyd edir və bu bayramın türklərə məxsus qədim ənənə olduğunu vurğulayır.

Bu bayram Azərbaycanlılarda Novruz, qırğızlarda Nooruz, özbəklərdə Növroz, başqırdlarda Nevruz, tatarlarda Navruz, çuvaşlarda Naurus, Krım türklərində Nevrez, Qərbi Trakiyada isə Mevris adı ilə tanınır və Şimal yarımkürəsinin bir çox ölkəsində hər il mart ayında el bayramı kimi geniş qeyd olunur”, - deyə Elyar İslamoğlu fikirlərinə əlavə edib. 



Fidan Vəlisoy 

6.3.8. Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və

mədəniyyətinin təbliği;

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb 



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az