“8 Mart - Beynəlxalq Qadınlar Günü” münasibəti ilə tədbir keçirildi - FOTOLAR

16:05 - 7 Mart 2024

“8 Mart - Beynəlxalq Qadınlar Günü” münasibəti ilə tədbir keçirildi - FOTOLAR

“8 Mart-Beynəlxalq Qadınlar Günü” münasibəti ilə YAP Yasamal rayon təşkilatı və “H.Cavid pr.129” (AMEA Mərkəzi Elmi Kitabxana) ünvanı üzrə ərazi partiya təşkilatı ilə birgə tədbir keçirilib.

 

Manset.az xəbər verir ki, tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, “H.Cavid pr.129” (AMEA Mərkəzi Elmi Kitabxana) ünvanı üzrə ərazi partiya təşkilatının sədri, AMEA Mərkəzi Elmi Kitabxananın direktoru Məmməd Əliyev, Milli Qəhrəman Gültəkin Əsgərovanın qızı Əminə Axundova, şəhid ailə üzvləri, rayonun fəal gəncləri və ərazi üzrə partiya fəalları iştirak edib.

Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın suverenliyi və azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

“8 Mart-Beynəlxalq Qadınlar Günü”nə həsr olunmuş video çarx nümayiş etdirilib.

Çıxış edən “H.Cavid pr.129” (AMEA Mərkəzi Elmi Kitabxana) ünvanı üzrə ərazi partiya təşkilatının sədri, AMEA Mərkəzi Elmi Kitabxananın direktoru Məmməd Əliyev tədbir iştirakçılarını salamlayaraq qeyd edib ki, Azərbaycan xalqı hər zaman qadına dərin ehtiram bəsləmiş, ana haqqını uca tutmuşdur. Ölkəmizdə dövlət qadın siyasətinin başlıca prinsipləri bu çoxəsrlik zəmin üzərində formalaşmışdır. Zəngin mənəvi-əxlaqi sərvətlərimizin qorunub saxlanılması və günümüzədək layiqincə yaşadılması analarımızın adı ilə sıx bağlıdır. Gözəlliyi, zərifliyi və nəcibliyi ilə seçilən Azərbaycan qadınları həmçinin hünər və igidlik göstərərək tariximizə parlaq səhifələr yazmışlar. Onlar taleyüklü bütün sınaq anlarında həmişə cəmiyyətimizə əsl mənəvi dayaq olmuş, 44 günlük Vətən müharibəsindəki fədakarlıqları ilə bu gerçəyi bir daha sübuta yetirmişlər. Çıxışının sonunda Məmməd Əliyev “8 Mart-Beynəlxalq Qadınlar Günü” münasibəti ilə xanımları təbrik edib.

Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, xalqımıza xas ənənəvi ailə dəyərlərinə sadiq qalan çağdaş Azərbaycan xanımları, eyni zamanda, güclü müasirlik duyğusuna və yenilikçi təbiətə sahibdirlər. Mədəni tərəqqi yolunda əzmlə çalışmış maarifpərvər sələflərinin yaradıcı düşüncəli davamçıları kimi onların hazırkı yüksək ictimai nüfuzu və səhiyyə, təhsil, mədəniyyət, elm sahələrindəki mühüm nailiyyətləri ölkəmizin hərtərəfli inkişafını səciyyələndirən amillərdəndir. Azərbaycan qadınları gənc nəslin vətənə, milli ideallarımızın təcəssümü olan dövlətçiliyimizə sədaqət ruhunda yetişməsini bundan sonra da xüsusi diqqətdə saxlayacaq, cəmiyyətin yüksəlişinə ahəngdarlıq qazandıran dolğun sosial-mədəni fəaliyyətləri ilə parlaq gələcəyimiz naminə quruculuq işlərində yaxından iştirak edəcəklər. Qeyd olunub ki, “8 Mart-Beynəlxalq Qadınlar Günü” həm də torpaqlarımızın işğaldan azad edilməsi zamanı şəhid olmuş qadınlarımızın, bütün şəhid anaları və xanımlarının, döyüşlərdə sağlamlığını itirən hərbi qulluqçuların ömür-gün yoldaşlarının, Vətənimiz üçün layiqli övladlar böyüdən əsgər analarının bayramıdır. Artıq Azərbaycan qadını beynəlxalq qadınlar bayramını daha qürurlu qeyd edir. Çünki onun Vətən üçün sağlam ruhda böyüdüb boya-başa çatdırdığı övladları 30 ilə yaxın düşmən işğalına son qoydu. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə əldə olunan Zəfərlərlə ölkəmiz və xalqımızın başını uca etdi. Bu gün biz şəhidlərimizə, qazilərimizə nə qədər borcluyuqsa, bir o qədər də onları əsl qəhrəman kimi böyüdən analara borcluyuq. Bu gün əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət qadın siyasəti dinamik şəkildə inkişaf edir. Çıxışının sonunda Bəxtiyar Nəbiyev qarşıdan gələn “8 Mart-Beynəlxalq Qadınlar Günü” münasibəti ilə xanımları təbrik etdi.

Sonda çıxış edən Milli Qəhrəman Gültəkin Əsgərovanın qızı Əminə Axundova vurğulayıb ki, Azərbaycan qadını ölkəmizin ictimai-siyasi həyatında  həmişə fəal iştirak etmiş, xalqımızın milli və ailə dəyərlərinin qoruyucusu, mədəniyyətimizin və  mənəviyyatımızın ən etibarlı təmsilçisi olmuşdur. Elm, mədəniyyət, təhsil və həyatımızın digər sahələrində Azərbaycan qadınının xüsusi yeri və  önəmli  xidmətləri vardır. Hər bir evə nur bəxş etmək kimi şərəfli, xeyirxah və  məsuliyyətli  peşə sahibləri olan qadın əməkdaşların zəhməti çox böyük  dəyərlərə və yüksək  hörmətə layiqdir. Çıxışının sonunda Əminə Axundova dövlət qadın siyasətindən və şəhid ailə üzvlərinə olan dövlət qayğısından bəhs edərək bütün xanımları bayram münasibəti ilə təbrik etdi. Göstərilən diqqət qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci-vitse prezident Mehriban xanım Əliyevaya xüsusi minnətdarlıq ifadə olunub.

Tədbirin sonunda fəxri fərmanlar və hədiyyələr təqdim edilib.



Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin