"Məhəmməd Füzuli və Əlişir Nəvai: ortaq ədəbi-mənəvi dəyərlərimiz" adlı konfrans keçirilib

17:22 - 11 İyun 2024

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 10-14 iyun tarixlərində Özbəkistanın paytaxtı Daşkənddə  Azərbaycan Mədəniyyəti Günləri keçirilir. 

 


Manset.az xəbər verir ki, iyunun 11-də Özbəkistan Yazıçılar İttifaqında "Məhəmməd Füzuli və Əlişir Nəvai: ortaq ədəbi-mənəvi dəyərlərimiz" adlı konfrans təşkil olunub. 
Tədbirdə həmçinin böyük Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin (1494-1556) anadan olmasının 530 illik yubileyi münasibətilə söz ustadının əsərlərinin özbək dilində iki cilddə külliyyatının təqdimatı keçirilib. İkicildlik Daşkənddə fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında işıq üzü görüb.


Konfransda Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov,  Özbəkistan Yazıçılar İttifaqının sədri Xalq şairi Siracəddin Səid və iki ölkənin tanınmış ədəbiyyat və mədəniyyət xadimləri iştirak ediblər.


Özbəkistan Yazıçılar İttifaqının sədri Siracəddin Səid ölkəsində keçirilən Azərbaycan Mədəniyyəti Günlərinin eyni zamanda ədəbi əlaqələrin inkişafına böyük töhfə olduğunu deyib.
Bildirilib ki, böyük Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığından bəhrələnən Əlişir Nəvai ümumtürk ədəbi fikrinin inkişafına təsir göstərib, xalqlarımız arasında ədəbi-mədəni körpü rolunu oynayıb. 
S.Səid 100 cildlik "Türk ədəbiyyatının inciləri" antologiyasının ərsəyə gəlməsinə görə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə minnətdarlığını bildirib.


Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov çıxış edərək Azərbaycan nümayəndə heyətini salamlayıb. Azərbaycan ilə Özbəkistan arasında ədəbi-mədəni əlaqələrin inkişafından məmnunluğunu bildirən nazir deyib ki, hər həftə ya Özbəkistanda, ya da Azərbaycanda iki qardaş xalqın ədəbiyyatı, mədəniyyəti və elmi ilə bağlı müxtəlif tədbirlər keçirilir. Hər bir tədbir xalqlarımızı daha da yaxınlaşdırır. O, ötən il Bakıda Özbəkistan Mədəniyyəti Günlərinin yüksək səviyyədə keçirildiyini deyib, Azərbaycan Mədəniyyəti Günlərinin də uğurla gerçəkləşəcəyini bildirib.


Azərbaycanın mədəniyyət naziri Adil Kərimli çıxışında konfrans iştirakçılarını salamlayaraq bildirib ki, mədəniyyət günləri tədbirlərinin ədəbiyyata dair konfransla başlanması təsadüfi deyil. Çünki Azərbaycan və Özbəkistan arasında mədəni münasibətlərin əsasında həm də Orta əsərlərdən üzü bəri davam edən ədəbi əlaqələr dayanır.
İki ölkə arasında mədəni əlaqələrin inkişafında dövlət başçılarımızın dostluğunun və qarşılıqlı etimada əsaslanan uğurlu siyasətinin mühüm rol oynadığını deyən nazir bu sahədə siyasətin davamlı olacağına əminliyini bildirib. Qeyd olunub ki, Daşkənddə fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi də ölkələrimiz arasında ədəbi-mədəni əlaqələrin inkişafında mühüm rol oynayır.
Məhəmməd Füzulinin külliyyatının özbək dilində nəşrini yüksək qiymətləndirən Adil Kərimli ikicildliyin dahi şairin Özbəkistanda daha yaxından tanınmasına vəsilə olacağını deyib. 


Nazir 2021-ci ildə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Azərbaycan və Özbəkistan gənc yazarlarının iştirakı ilə "Məclisi-fəramuşan" ədəbi məclisinin bir uzun illərdən sonra bərpa olunmasını ölkələrimizin ədəbi əlaqələrinə yeni mühüm töhfə kimi qiymətləndirib.
Daha sonra konfransda ədəbiyyatşünas, professor Nurboy Cabbarov, Azərbaycan Milli Məclisinin deputatı akademik Nizami Cəfərov, şair, tərcüməçi Mirzo Kenjabek, Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu və AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru Ruhəngiz Cümşüdlünün məruzələri dinlənilib.


Qeyd edilib ki, Əlişir Nəvai və Məhəmməd Füzuli təkcə iki xalqın deyil, ümumtürk ədəbi-mədəni fikrinin inkişafında da müstəsna rol oynayıblar. Sonra məruzələr ətrafında çıxışlar olub.
Sonda Azərbaycan incəsənət ustalarının iştirakı ilə ədəbi-musiqili kompozisiya təqdim edilib.



Xəbər xətti

16 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin