Göz üçün faydalı olan qidalar

07:30 - 12 Noyabr 2024

Göz üçün faydalı olan qidalar

Gündəlik olaraq həyatımızın bir hissəsinə çevrilən telefon, planşet və kompüterdən olduqca çox istifadə edirik. Bu da ən əsası gözlər üçün təhlükə yaradır və onun görmə qabiliyyətinin zəifləməsinə aparıb çıxarır. Mütəxəssislər faydalı qidalanmanın gözlər üçün xeyirli olduğunu deyirlər.

 

Təbii üsulla göz zəifliyinin aradan qaldırılması üçün ən yaxşı vasitə balıq yağı, A və B vitaminləri, Omeqa-3 və Omeqa -6 ilə zəngindir. Balıq yağı bəzi göz xəstəliklərinin yaranmasının da qarşısını alır.

Manset.az AZƏRTAC-a istinadən xəbər verir ki, həkim-oftalmoloq Aygün Rəhimzadə deyib: “Qidaların tərkibinə daxil olan A, E, S vitaminləri və Omeqa-3 görmə üçün çox vacibdir. Kök beta-karotinlə zəngin olduğuna görə çox faydalıdır. Tərkibində A vitamini olan qidaların hamısı torlu qişanın funksiyasına dəstək olur. Həmin vitamin yerkökündə, narıncı-sarı rəngli bir çox qida maddələrinin tərkibində var, göz büllurunun bulanmasının və katarakta xəstəliyinin qarşısını alan başlıca vasitələrdən biri S vitaminidir”.

Tərkibində E vitamini və maqnezium mineralı olan badam, fındıq, qoz, fıstıq kimi digər çərəz və toxumlar da göz üçün faydalı hesab olunur. Mütəmadi olaraq E vitamini qəbul etməklə bulanıq görməyə səbəb olan katarakta və yaşla əlaqədar xəstəliklərin qarşısını almaq da mümkündür. Maqnezium mineralı gözdə əzələ və damarların normal fəaliyyətini təmin edir. Maqnezium çatışmazlığı isə göz təzyiqinin artmasına səbəb olur. “Bütün qidaların başlıca əks təsiri göz quruluğu sindromu yaratmasıdır. Həmin sindromdan əziyyət çəkən xəstələr yanma, batma, sulanma, qızartı, qaşıntı kimi şikayətlərlə müraciət edirlər. Bunun qarşısını almaq üçün çoxlu su içmək lazımdır. Orqanizmdə su qəbulu kifayət qədər olanda göz quruluğunun qarşısını almaq olar. Göz qapaqlarının dəri ilə sıx əlaqəsi var. Göz qapaqlarına tez-tez nəm islatmalar qoymaq da göz quruluğunun qarşısını alır”,- deyə həkim-oftalmoloq bildirib.

Kahı, yaşıl kələm və ispanaq kimi tərəvəzlər də göz üçün faydalı qidalardır. Həmin antioksidantlar gözləri Günəş şüalarının zərərli təsirindən qoruyur. A vitamini ilə zəngin olan yumurta sarısı da göz üçün faydalıdır.


Xəbər xətti

4 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin