Azərbaycan və Slovakiya XİN-ləri arasında məsləhətləşmələr keçirildi

17:51 - 2 İyul 2021

Azərbaycan və Slovakiya XİN-ləri arasında məsləhətləşmələr keçirildi

Azərbaycan və Slovakiya Xarici İşlər Nazirlikləri (XİN) arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.

Manset.az  xəbər verir ki, siyasi məsləhətləşmələrdə Azərbaycan XİN-in nümayəndə heyətinə nazir müavini Xələf Xələfov, Slovakiya nümayəndə heyətinə Xarici və Avropa İşləri Nazirliyinin dövlət katibi Martin Klus rəhbərlik edib.

Görüşdə iki ölkə arasındakı münasibətlərin hazırkı vəziyyəti, habelə ikitərəfli əlaqələrin bir çox istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi-ticarət, sərmayələr, nəqliyyat, tranzit, humanitar, mədəniyyət, turizm və digər sahələrdə inkişaf perspektivləri müzakirə olunub.

Görüş zamanı X.Xələfov slovakiyalı həmkarına Ermənistanın Azərbaycana qarşı 30 ildən bəri davam edən hərbi təcavüzünün ağır nəticələri, 44 günlük Vətən müharibəsindən sonra regionda yaranmış yeni vəziyyət və bununla bağlı cərəyan edən proseslərin inkişafı barədə məlumat verib, onilliklər ərzində işğal altında saxlanılan ərazilərdə yaşayış məntəqələri və infrastrukturun məqsədli şəkildə dağıdılması, mina təhlükəsi, habelə azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri barədə geniş izahat verib.

X.Xələfov işğal faktorunun aradan qaldırılması ilə iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün imkanların yaradıldığını qeyd edərək, üçtərəfli bəyanatların icrası, o cümlədən kommunikasiya və nəqliyyat xətlərinin açılmasından bölgənin bütün ölkələrinin faydalanacağını vurğulayıb.

Tərəflər, ikitərəfli əməkdaşlığın gələcəkdə genişləndirilməsi üçün əlverişli imkanların olduğunu və siyasi dialoqun davam etdirilməsinin vacibliyini qeyd edib.

Tərəflər, həmçinin Azərbaycan və Slovakiya arasında beynəlxalq təşkilatlar çərçivəsində mövcud olan əməkdaşlıq, regional və qlobal xarakterli məsələlər və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparıb.


Xəbər xətti

1 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin