"Soydaşlarımızın Qərbi Azərbaycana qayıdışı olduqca aktual məsələdir" - Kamran Əliyev

19:09 - 30 Mart 2023

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin sədrliyi ilə müxtəlif dövlət orqanları nümayəndələrinin, eləcə də aparıcı ali təhsil müəssisələri, ixtisaslaşmış akademiya və elm ocaqlarını təmsil edən görkəmli hüquqşünasların iştirakı etdiyi Baş prokuror yanında Elmi-Məsləhət Şurasının növbəti iclası keçirilib.

 

Bu barədə  Manset.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Elmi-Məsləhət Şurasının iclasını açan Baş prokuror Kamran Əliyev keçən dövr ərzində ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə inamla irəliləyən ölkəmizin ictimai-siyasi həyatında baş vermiş əhəmiyyətli hadisələr, beynəlxalq müstəvidə görülən mühüm işlər, müstəqil dövlətimizin qurucusu və memarı Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinin qeyd olunması ilə əlaqədar prokurorluq orqanlarında həyata keçirilən silsilə tədbirlər barədə məlumat verib.

Xüsusi olaraq vurğulanıb ki, hüquqşünaslar tərəfindən Ümummilli Lider Heydər Əliyevin hüquq sistemimizdə miras qoyduğu zəngin irsinin elmi-praktiki tədqiqinə əhəmiyyətli diqqət yetirilməlidir.

Bildirilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə mübariz xalqımızın 44 günlük Vətən müharibəsində qazandığı tarixi qələbədən sonra soydaşlarımızın tarixi Qərbi Azərbaycan bölgəmizə qayıdışı, eləcə də iki əsr boyu erməni milliyyətçiləri tərəfindən azərbaycanlılara qarşı törədilmiş insanlıq, şəxsiyyət əleyhinə və digər cinayətlərə siyasi və hüquqi qiymətin verilməsi olduqca aktual məsələdir.

Daha sonra Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Mahir Abbasov “Qərbi Azərbaycanda soydaşlarımıza qarşı etnik təmizləmə – tarix və hüquq müstəvisində”, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisi vəzifəsini müvəqqəti icra edən Elşad Nəsirov “Azərbaycan Respublikası Milli Məclisi deputatının toxunulmazlığı hüququnun mahiyyəti”, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq kafedrasının professoru, hüquq üzrə elmlər doktoru Namiq Əliyev “ATƏT-in Minsk qrupu və onun sülhməramlı missiyası haqqında mif” mövzularında çıxış ediblər.

Çıxışlardan sonra Baş Prokurorluğun əməkdaşları tərəfindən “Uzun müddət bağlı qalmış qəsdən adam öldürmə və ölümlə nəticələnən digər cinayətlər üzrə istintaq təcrübəsi”, “Vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma cinayətinin istintaqı xüsusiyyətlərinə dair”, “Üzərində zorakılıq əlamətləri olmayan naməlum insan meyitləri ilə bağlı araşdırma taktikası”, “Cinayət yolu ilə əldə olunmuş əmlakın leqallaşdırılması, bilə-bilə belə əmlakı əldə etmə, sahiblik və ya istifadə etmə, yaxud sərəncam vermə cinayətləri üzrə ibtidai istintaqın aparılması metodları” adlı metodiki vəsaitlərin, rus dilində hazırlanmış “Azərbaycan Respublikasında prokurorun hüquqi statusu” adlı kitabın, eləcə də “Prokurorluqda tətbiq edilən proqram və informasiya sistemlərinin təlimatları və istifadə qaydaları” adlı toplunun təqdimatları keçirilib.

İclasın yekununda müxtəlif hüquqi məsələləri özündə ehtiva edən mövzular üzrə Şura üzvləri tərəfindən geniş fikir mübadiləsi aparılıb.


Xəbər xətti

15 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin