Xəbər verdiyimiz kimi, Türkiyənin məşhur alış-veriş saytı olan “Trendyol”a bundan sonra Azərbaycandan aldığı sifarişləri birbaşa istifadəçilərin yaşadığı ünvana çatdıracaq.
Yeni modelin daxili bazarda canlanma yaradacağı, karqo şirkətlərinin fəaliyyətini isə zəiflədəcəyi bildirilir.
Bəs, ekspertlər bu barədə nə düşünür?
Manset.az xəbər verir ki, mövzu ilə bağlı iqtisadçı-ekspert Rəşad Həsənov Bakupost.az -a açqılamasında bildirib ki, yeni çatdırılma növü daxili biznes modelinin dəyişməsinə səbəb olacaq:
“Azərbaycan vətəndaşları "Trendyol"un daha çox Türkiyə xidmətindən istifadə edirdi. Bu, özlüyündə bir klasterin formalaşmasına, bəzi xidmətlərin genişlənməsinə şərait yaradıb. Karqo şirkətləri iləbağlı müsbət mühit formalaşıb. Lakin "Trendyol"un Azərbaycana gəlməsi buradakı biznes modelini dəyişəcək. Artıq məhsulların çatdırılması kiçik karqo şirkətlərinə yox, böyük şirkətlərə həvalə olunacaq”.
Ekspertin sözlərinə görə, nəticədə vergi yükü artacaq. Buna görə də alıcılar yenə də əvvəlki modeldən istifadə edəcək:
“Əvvəl fiziki şəxslər limitə uyğun olaraq xidmətdən rüsumsuz istifadə edirdi. Yeni çatdırılma forması isə əlavə vergi yüklərinin yaranmasına gətirib çıxaracaq. Bu daha çox prosesin idarə olunma formasından asılı olacaq. Müvafiq rüsumlar qiymətlərə təsir edərsə, insanlar yenə də Türkiyə xidmətindən istifadəyə üstünlük verəcək”.