AŞPA həmməruzəçiləri Baş Prokurorluqda

19:53 - 5 İyun 2023

AŞPA həmməruzəçiləri Baş Prokurorluqda

İyunun 5-də Baş prokuror ölkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin həmməruzəçiləri Yan Lidel-Qreynger və Liz Kristofersen ilə görüşüb.

 

Baş Prokurorluqdan Manset.az-a verilən xəbərə görə, qonaqları salamlayan Kamran Əliyev Azərbaycanla Avropa Şurası arasında əməkdaşlığın uğurla inkişaf etdiyini bildirərək, insan hüquq və azadlıqlarının təmin edilməsi sahəsində Avropa Şurasının qabaqcıl təcrübəsinin öyrənilməsinin önəmli olduğunu qeyd edib. Baş prokuror dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə prokurorluq orqanlarında aparılan genişmiqyaslı islahatlar, o cümlədən 2020-ci ilin iyununda təsdiq olunmuş yeni strukturda yer almış cinayət təqibindən kənar icraatlar, əmlakların bərpası və xidməti araşdırmalar üzrə fəaliyyət istiqamətləri barədə qonaqları məlumatlandırıb.

Ölkəmizə səfərlərindən məmnunluqlarını ifadə edən AŞPA-nın həmməruzəçiləri Azərbaycanın hüquq sistemində aparılan islahatları müsbət qiymətləndirdiklərini vurğulayaraq, Avropa Şurası ilə ölkəmizin müvafiq qurumları ilə əlaqələrin inkişafında və qarşılıqlı əməkdaşlıqda maraqlı olduqlarını bildirib.

Tərəflər arasında Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycanla bağlı qərarlarının icra vəziyyəti müzakirə edilərək, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında səmərəli fikir mübadiləsi aparılıb.

Görüşdə Avropa Şurasının Bakı Ofisinin rəhbəri Petr Zix və Milli Məclisin deputatı Kamal Cəfərov iştirak ediblər.


Xəbər xətti

19 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin