1993-cü il oktyabrın 3-də Azərbaycanın müasir
tarixində dərin iz buraxan mühüm hadisə baş verdi. Xalqın mütləq
əksəriyyətinin iradəsi ilə Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasının
Prezidenti seçildi. Bu gün həmin tarixi günün ölkəmizin dövlətçiliyi və gələcək
inkişafı üçün nə qədər böyük əhəmiyyət kəsb etdiyi aydın şəkildə görünməkdədir.
1990-cı illərin əvvəllərində Azərbaycan ağır
siyasi, sosial və iqtisadi böhranla üz-üzə qalmışdı. Daxili çəkişmələr, idarəetmədə
səriştəsizlik, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü və torpaqlarımızın
işğalı xalqı dərin bir ümidsizliyə sürükləmişdi. Müstəqilliyini yenicə bərpa
etmiş Azərbaycan dövlətçiliyinin mövcudluğu ciddi təhlükə altına düşmüşdü.
Belə bir həssas dönəmdə xalqın yeganə ümid yeri Ümummilli Lider Heydər Əliyev
oldu. Azərbaycan xalqı, onun siyasi uzaqgörənliyinə, idarəçilik təcrübəsinə və
müstəqil dövlət quruculuğundakı qətiyyətinə güvənərək, 3 oktyabr 1993-cü il
tarixində keçirilmiş ümumxalq səsverməsində Heydər Əliyevi Prezident seçdi.
Bu seçkilər təkcə bir liderin Prezident
postuna gəlməsi deyil, həm də dövlətçiliyin xilası, sabitliyin bərqərar olması
və gələcək uğurların təməlini təşkil edən tarixi qərar oldu.
Heydər Əliyev qlobal düşüncəli, geniş
dünyagörüşlü nəhəng bir siyasətçi idi. O, realist bir insan olaraq hadisələrə
praqmatik yanaşırdı, ölkənin taleyi üçün uğurlu qərarlar qəbul edirdi. O, beynəlxalq
aləmdə tarazlaşdırılmış siyasətin, ölçülüb-biçilmiş fəaliyyətin ustadı idi. Bu
dahi siyasət adamı bütün fəaliyyəti boyu müdrik insan, peşəkar rəhbər, xalq məhəbbətini
qazanan uzaqgörən siyasətçi və ağıllı dövlət xadimi olduğunu təsdiq etmişdir.
Ümumiyyətlə, Ümummilli
Lider Heydər Əliyevin Azərbaycan
dövləti və xalqı üçün gördüyü işlər çoxşaxəli
və tarixi əhəmiyyətə malikdir. O, həm sovet dövründə, həm də müstəqillik illərində
Azərbaycanın siyasi, iqtisadi və mədəni inkişafında həlledici rol oynamışdır.
Heydər Əliyevin Prezident seçilməsindən sonra
Azərbaycanda bir çox mühüm addımlar atılmışdır. Belə ki,
Ulu Öndər Prezident seçildikdən sonra qanunsuz silahlı birləşmələr ləğv
edildi, Konstitusiya
quruluşu bərpa edilərək hüquqi islahatlara start verildi, dövlətçiliyin əsasları möhkəmləndirildi, beynəlxalq münasibətlərdə
Azərbaycanın mövqeyi gücləndi, neft strategiyası formalaşdırıldı və 1994-cü ildə “Əsrin
müqaviləsi” imzalanaraq ölkənin iqtisadi inkişafına yeni nəfəs verildi, silahlı qüvvələrin formalaşdırılması, təhsil, səhiyyə, mədəniyyət
və digər sahələrdə dərin islahatlar həyata keçirildi.
Bundan
başqa, Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq
normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi
dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da
zənginləşdirilməsi, ilk Milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin
formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli
həlli məhz Ümummilli Lider Heydər Əliyevin xidmətləridir.
Heydər Əliyev təkcə bir siyasi lider deyil, müasir Azərbaycan dövlətinin qurucusu,
xalqın xilaskarı və gələcəyə yol açan müdrik rəhbər olmuşdur. Onun uzaqgörənliyi,
qətiyyəti və xalqına olan sədaqəti nəticəsində Azərbaycan dövlətçiliyi qorundu,
müstəqillik möhkəmləndi və inkişafın təməli qoyuldu.
Ulu öndər Heydər Əliyevin uğurlu xarici siyasət kursu nəticəsində beynəlxalq təşkilatlarla bərabərhüquqlu səviyyədə əməkdaşlıq müstəqilliyin əsas dayaqlarından birinə çevrilib.
Bu
gün Azərbaycan Respublikasının müstəqil, güclü və suveren dövlət kimi
mövcudluğu, beynəlxalq aləmdə nüfuz qazanması məhz 3 oktyabr 1993-cü il
tarixində atılan möhkəm təmələ əsaslanır. Ulu Öndər Heydər Əliyevin milli
maraqlara söykənən müdrik siyasəti ölkəmizin inkişaf yolunu müəyyən etmişdir.
Prezident Heydər Əliyevin rəhbərliyi altında
həyata keçirilən islahatlar və strateji qərarlar Azərbaycanı tənəzzüldən
çıxararaq, dinamik inkişaf edən dövlətə çevirdi. Bu gün də həmin siyasət
Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
3 oktyabr tarixi xalqın öz gələcəyinə sahib çıxaraq, müdrik seçim etdiyi və Azərbaycan dövlətçiliyinin xilası üçün dönüş nöqtəsinə çevrilən unudulmaz bir gündür.
Milli Məclisin deputatı