Heydər Əliyev irsi bütün insanlığa və hüdudsuz zamanlara aiddir...  

12:45 - 03 Oktyabr 2025

Heydər Əliyev  irsi bütün insanlığa və hüdudsuz zamanlara aiddir...  

Bu gün biz tariximizin ən taleyüklü  anlarından birini– 3 oktyabr 1993-cü ili böyük qürur və minnətdarlıqla xatırlayırıq. Həmin gün Azərbaycan xalqının böyük oğlu, ümummilli liderimiz Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilməklə ölkəmizin taleyində dönüş nöqtəsi yaratdı. 


Həmin illərdə Azərbaycan ağır sınaqlarla üz-üzə idi. Daxili çəkişmələr, anarxiya, iqtisadi tənəzzül və torpaq itkiləri xalqımızı ümidsizlik burulğanına sürükləmişdi. Xalqımız yüz illərə söykənən müstəqillik arzusunu reallaşdırdığı və dövlətçiliyini əldə etdiyi andan həm də onu itirmək təhlükəsi ilə üz-üzə idi. 

Hələ 1992-ci ildə keçmiş SSRİ məkanında və daha çox da Azərbaycanda gedən dağıdıcı proseslərin axarını və məqsədini dərindən dəyərləndirən Heydər Əliyev xalqın istəyi ilə onun rəhbərliyi altında  Yeni Azərbaycan Partiyasının yaradılması qərarını verməklə bu proseslərin məhvərini doğru istiqamətə yönəltmək üçün ciddi əsaslar yaratmış oldu.

Bu partiya qısa müddətdə təkcə bir siyasi təşkilat kimi deyil, həm də xalqımızın xilası, ölkəmizin sabitliyi və müstəqil gələcəyi naminə qurulan güclü siyasi dayağa çevrildi.

Onun lideri Azərbaycanın müstəqilliyini dönməz etdi, dövlətimizin siyasi, iqtisadi və sosial əsaslarını möhkəmləndirdi. 

O  zaman xalqın qəti tələbi ilə hakimiyyətə qayıdan, bir neçə aydan sonra YAP-nın namizədi kimi seçkiyə qatılan və xalqın seçilmiş Lideri kimi Heydər Əliyev, öz müdrik siyasəti ilə Azərbaycanı dağılmaq təhlükəsindən xilas etdi, sabitliyi və milli birliyi bərpa etdi.

Onun müəyyənləşdirdiyi rəsmi dövlət siyasəti, ölkənin ictimai-siyasi, sosial-iqtisadi və humanitar sahələrdə inkişaf istiqamətləri, reallaşdırdığı enerji strategiyası və imzaladığı“Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi yüksəlişinə yol açdı və ölkəmizi regionun enerji liderinə çevirdi. 

Bu gün əminliklə qeyd edirik ki, inkişafın bütün  parametrləri üzrə  güclü Azərbaycanın təməli Heydər Əliyevin uzaqgörən siyasəti ilə qoyulmuşdur.

Heydər Əliyevin ən böyük arzusu Azərbaycanın ərazi bütövlüyünün bərpası idi. O, hər zaman bəyan edirdi ki, Qarabağ torpaqları mütləq azad olunacaq. Onun qurduğu güclü dövlətçilik təməli və müasir ordu quruculuğu sahəsindəki siyasəti gələcək qələbələrimizin əsasını qoydu. 


Bu gün biz qürurla deyirik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin Vətən müharibəsində və 2023-cü ildə əldə edilən möhtəşəm Zəfərlərin də ilham mənbəyi Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətdən qaynaqlanır.


Bu gün Qarabağda və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, azad olunmuş torpaqlarımızda üçrəngli bayrağımızın qürurla dalğalanması Müzəffər Prezidentimiz İlham Əliyevin  Milli İdeyaya sadiqliyinin təntənəsidir. 

Bu günkü Azərbaycan və onun nailiyyətləri sübut edir ki,öz taleyini mənsub olduğu xalqının taleyi ilə birləşdirən Liderlər, indiki halda Heydər Əliyev yalnız onu yetirən xalqa  deyil, bütün insanlığa  və hüdudsuz zamanlara aiddirlər.

Bu baxımdan O, bütün hallarda bizimlədir, müqəddəs ideyaların gerçəkıəşdirilməsi naminə əzmlə getdiyimiz yolu aydınladan bir mayakdır.

Qoy Heydər Əliyevin əbədiyaşar irsi hər zaman yolumuza işıq salsın!


Bahar Muradova 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az